"Qalatasaray" rəhbərliyi "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo ilə bağlı Türkiyənin hüquq-mühafizə orqanlarına müraciət edəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə "Cim Bom" rəsmi bəyanat yayıb.
"Sarı-qırmızılılar"ı belə addım atmağa sövq edən səbəb dünən Türkiyə Superliqasında keçirilən İstanbul derbisindən (0:0) sonra Mourinyonun rəqib komandanın üzvlərini "meymun" adlandırmasıdır.
"Ölkəmizdə çalışmağa başladığı ilk gündən türkləri alçaldan "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo əxlaqdan zidd ifadələrinə bu gün qeyri-insani sözlər də əlavə edib. İrqçi çıxışlarına görə, onunla bağlı prokurorluğa müraciət edəcəyik. Eyni zamanda FIFA və UEFA-ya da şikayət ünvanlayacağıq. Bütün bunlarla yanaşı, "əxlaq nümunəsi" olan rəqibimizin rəhbərliyinin baş məşqçinin ifadələrinə hansı münasibət göstərəcəyini izləyəcəyik" - deyə "Qalatasaray"ın bəyanatda bildirilir.
Qeyd edək ki, Mourinyo derbidən sonra təşkil olunan mətbuat konfransında "rəqib komandanın ehtiyat oyunçular skamyasındakı hər kəs meymun kimi tullanırdı" sözlərini işlədib.