Türkiyə Super Liqasının lideri "Qalatasaray" transfer pəncərəsi bağlanmadan öncə iki keçid reallaşdıra bilər.
Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, "Roma" klubunda ayrılmaq istəyən Nikolo Zaniolo karyerasını Türkiyədə davam etdirə bilər. İtaliyalı ulduzun agenti onu "Cim-Bom"a təklif edib. Klublar arasında razılıq əldə olunarsa, Zaniolo icarə əsasında "Qalatasaray"da çıxış edə bilər.
Bundan əlavə, "Çelsi"nin amerikalı futbolçusu Kristian Pulişiç də "sarı-qırmızılar"a keçid edə bilər. Oyunçunun agenti ötən günlərdə "Nef stadionu"nda "Qalatasaray"ın matçını izləyib. Şərtlər uyğun olarsa, Türkiyə təmsilçisi Pulişiçi heyətinə cəlb edəcək.
Qeyd edək ki, Avropada transfer dönəmi yanvarın 31-də başa çatsa da, Türkiyədə 8 fevrala qədər davam edəcək. Avropa klubları bu vaxta qədər futbolçularını göndərə bilər.