"Qalatasaray" öz meydanında "İstanbulspor" ilə yoldaşlıq matçı keçirib. Oyunu 2:1 hesablı qələbə ilə başa vuran "sarı-qırmızılar"ın baş məşqçisi Okan Burukun matçdan sonra mətbuat konfransı baş tutub.
Offsideplus.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bildirib. Daha sonra isə jurnalistlər tərəfindən çalışdırıcıya suallar verilib. Onlardan biri Arda Turanın texniki heyətdə yer alıb-almayacağı ilə bağlı Okan Burukun fikirlərini öyrənmək istəyib. O, bu məsələ haqqında belə cavab verib:
"Arda bizim üçün çox dəyərlidir. İlk vaxtlarda onunla birlikdə oynamışıq. O, türk futbolu üçün çox əhəmiyyətli və dəyərli bir addır. "Qalatasaray"ın qapıları hər zaman ona açıqdır. Arda bundan sonra futbolda necə bir vəzifədə yer alacağına özü qərar verəcək. Ondan sonra özünü inkişaf etdirəcək. Ardaya qapımız hər zaman açıqdır. Hazırda onunla bu məsələ ətrafında danışığımız olmayıb. O, "Qalatasaray" üçün çox əhəmiyyətli işlər görüb" deyən çalışdırıcı fikirlərini tamamlayıb.