"Qalatasaray" "Şalke"nin hücuma meyilli yarımmüdafiəçisi Amin Hariti transfer edir.
Offsideplus.az "Hürriyyət"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Mərakeş millisinin üzvü və klubu ilə anlaşıb. Xəbərə görə, Türkiyə klubu oyunçu üçün ilk əvvəl 4 milyon avro təklif etsə də, qarşı tərəf bunu qəbul etməyib. Bundan sonra məbləği 5 milyon avroya qaldıran "cim-bom" Almaniya klubunu razı sala bilib. 25 yaşlı futbolçuya isə öncə illik 2.5 milyon avro maaş təkli edilib, lakin bu oyunçu tərəfindən qəbul edilməyib, sonunda 2.7 milyon avro müqabilində tərəflər ortaq məxrəcə gələ biliblər. Bu transferin yaxın günlərdə açıqlanması gözlənilir.
Qeyd edək ki, Amin Haritin Almaniya klubuyla müqaviləsi 2024-cü ilin yayında başa çatır. O, geridə qalan mövsümü icarə əsasında "Olimpik"də (Marsel) keçirib. Mərakeşli futbolçu Fransa klubu ilə bütün turnirlərdə 34 oyuna çıxıb, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onu da xatırladaq ki, Amin Harit ötən mövsüm Konfrans Liqasının 1/16 final mərhələsində "Qarabağ"a qarşı Bakıda keçirilən oyunun ilkinci hissəsində meydana çıxıb.