Ötən ilin avqustunda "Qalatasaray"a qayıdan Arda Turan meydanda və kənarda dəfələrlə komandanın yanında olub. 

Offsideplus.az "Aspor"a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi "Ata", - deyə müraciət etdiyi baş məşqçi Fatih Terimə də köməyini əsirgəmir. Ardanın komandanı bir araya gətirmək üçün etdiyi işlərdən bəzilərini diqqətinizə çatdırırıq.

Türkiyə milliinin üzvü yayda ailəsini tətilə yollayıb, özü isə həftənin 3-4 gününü bazada keçirib. İstanbulda baş tutacaq oyunlar qabağı düşərgələr yığışdırılsa da, baş məşqçi Fatih Terimi tək qoymayaraq Floryada gecələyib. 

Arda zədəli futbolçuları da heç vaxt tək qoymayıb. Sofyan Fequli və Yunes Belhandaya dəstək olan futbolçu müfaviq olaraq onlara "Liqanın ən səviyyəli oyunçusu" və "Kapitanım", - deyə müraciət edib. O, həmçinin bu oyunçulara türk yeməkləri daddırmış və komandaya yenidən bağlanmaqlarını təmin etmişdi.

Pul barədə müzakirələr aparmadan "Qalatasaray"la anlaşan Arda, mövsümdə vacib qalibiyyətlər zamanı verilən mükafatları Florya işçiləri arasında bölüşdürür.

Bundan əlavə, aşağı yaş qrupu futbolçuları ilə yaxından maraqlanan türk ulduz Mohamed Mustafanın komandaya tez öyrəşməsi üçün kömək edib.

Ən yadda qalan hərəkətindən biri də, "Denizlispor"la matç qabağı soyunma otağında komandaya qayıdan Musleranın qoluna kapitan sarğısını özünün bağlamasıdır. Arda Turanın bu hərəkəti ilə nəinki komanda yoldaşlarının, "Qalatasaray" azarkeşi olan və olmayanların da rəğbətini, sevgisini bir daha qazanıb.