Türkiyənin I Liqasında çıxış edən “Giresunspor”un formasını geyinən Ozan Can Kökçü Azərbaycan millisini seçməsinin səbəbini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, “Radyospor”un qonağı olan 21 yaşlı yarımmüdafiəçi Türkiyə Futbol Federasiyası ilə problem yaşadığı dövrdə AFFA-dan gələn təklifi müsbət dəyərləndirdiyini bildirib.
“İki ildir ki, Türkiyədəyəm. Mən və qardaşım türk dilini yaxşı bilirik. Evimizdə türkçə danışırıq. Azərbaycan milli komandasında işlər gözəl gedir" deyən Kökcü "O vaxt Türkiyə Futbol Federasiyası ilə sıxıntılarımız olduğu dövrdə Azərbaycandan təklif gəldi. Mən də o təklifə isti baxdım. Onsuz da Azərbaycanla Türkiyə qardaşdır. Mənim üçün yaxşı oldu” söyləyib.
Yığma üzvü qardaşı Orkun Kökçünün Türkiyə “Beşiktaş”ından təklif alması yönündə çıxan xəbərləri təkzib edib. O, hazırda Hollandiya təmsilçisi “Feyenoord”un U-19 komandasında çıxış edən yarımmüdafiəçinin klubunu dəyişmək fikrində olmadığını vurğulayıb: “Orkun ötən həftə “Feyenoord”la anlaşdı. Onun hazırda Türkiyəyə gəlməsinin bir anlamı yoxdur. Qardaşım “Feyenoord”la müqaviləsini 2023-cü ilə qədər uzatdı və Hollandiyada çox xoşbəxtdir”.
Ozan Can Kökçü Türkiyə “Bursaspor”u ilə müqavilə bağlamazdan öncə bu ölkənin “Beşiktaş” və “Fənərbağça” klublarından təklif aldığını deyib: “Həmin vaxt “Beşiktaş” və “Fənərbağça” mənimlə maraqlandı. “Fənərbağça”nın skautları oyunumu izləməyə gəldilər. Menecer Muzi Özcan “Fənərbağça”dan təklif olduğunu söyləmiş, “Bursaspor”la müqavilə bağlayarkən 19 dəfə zəng vurmuşdu”.
Qeyd edək ki, Ozan Can Kökçü indiyə qədər Azərbaycanın U-21 komandasının formasını geyinib. O, hələlik əsas milliyə dəvət almayıb. (Report)