Türkiyənin "Fənərbağça" klubu baş məşqçi postu üçün ciddi addımlar atmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "Sarı-lacivərdlilər"in hədəfində olan əsas namizəd son olaraq İngiltərənin "Çelsi" klubunu çalışdıran Liam Rozeniordur.
Domeniko Tedeskonun gedişindən sonra boş qalan məşqçi kürsüsü üçün hərəkətə keçən İstanbul nəhənginin yaxın günlərdə ingiltərəli mütəxəssislə rəsmi təmasa keçəcəyi gözlənilir.
Klub rəhbərliyinin yaxın 48 saat ərzində Rozeniorun nümayəndələri ilə ilk rəsmi görüşü keçirməsi planlaşdırılır.
"Fənərbağça" rəhbərliyini gənc mütəxəssisin müasir oyun fəlsəfəsi və gənc oyunçularla işləmək bacarığı cəlb edir.
Rozeniorla təkcə "Fənərbağça"nın deyil, bəzi İngiltərə Premyer Liqası təmsilçilərinin, xüsusilə "Kristal Pelas"ın da maraqlandığı bildirilir.
Hazırda müvəqqəti olaraq Zeki Murat Gölenin rəhbərlik etdiyi "Fənərbağça" mövsümün qalan hissəsi və gələcək layihələr üçün Rozenioru ən uyğun namizəd kimi görür.
Əgər tərəflər razılığa gəlsə, Liam Rozenior karyerasında ilk dəfə Türkiyə Super Liqasında qüvvəsini sınayacaq.



