Türkiyə Superliqasının 30-cu həftəsində çempionluq mübarizəsi aparan "Fənərbağça" öz meydanında "Rizespor" klubunu qəbul edib.
Offsideplus.az xəbər verir ki, gərgin keçən qarşılaşma 2-2 hesablı bərabərliklə başa çatıb.
Matçın ilk hissəsi qolsuz keçsə də, ikinci hissə əsl dramaya səhnə olub. 47-ci dəqiqədə Ali Sove qonaqları hesabda önə keçirib. 72-ci dəqiqədə Samet Akaydın birbaşa qırmızı vərəqə alaraq "Fənərbağça"nı azlıqda qoyub. 80-ci dəqiqədə Taliska penaltini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib. 86-cı dəqiqədə Kerem Aktürkoğlu azlıqda qalan komandasını hesabda önə çıxarıb.
Hər kəs "Fənərbağça"nın möhtəşəm geridönüşlə 3 xal qazanacağını düşündüyü anda, uzatma dəqiqələrinin sonunda (90+8) Modibo Sanyan səhnəyə çıxaraq "Rizespor"a 1 xal qazandıran qolu vurub.
Bu bərabərliklə "Fənərbağça" çempionluq yolunda çox kritik 2 xal itirib.


