Türkiyə Superliqasının 21-ci turunda “Fənərbağça” doğma meydanda “Gənclərbirliyi”ni qəbul edib və oyunu 3:1 hesabı ilə qazanıb.

Offsideplus.az xəbər verir ki, “Çobani Stadionu”nda keçirilən görüşə sürətli başlayan “Fənərbağça” 16-cı dəqiqədə VAR yoxlanışından sonra təyin olunan penalti zərbəsini Anderson Taliskanın dəqiq yerinə yetirməsi ilə hesabı açıb – 1:0.

27-ci dəqiqədə Marko Asensionun möhtəşəm topuq ötürməsindən sonra Kerem Aktürkoğlu qapıçı ilə təkbətək çıxaraq fərqi iki topa çatdırıb. 33-cü dəqiqədə isə Kerem Mərt Müldürün ötürməsini qola çevirərək ilk hissənin nəticəsini müəyyənləşdirib – 3:0.

İkinci yarıya fəal başlayan “Gənclərbirliyi” 55-ci dəqiqədə Sekou Koitanın qolu ilə hesabı 3:1-ə çatdırsa da, bundan artığına nail ola bilməyib.

Bu qələbə ilə “Fənərbağça” xallarının sayını 49-a yüksəldib. “Gənclərbirliyi” isə 22 xalla kifayətlənib.

Növbəti turda “Fənərbağça” “Trabzonspor” səfərinə çıxacaq, “Gənclərbirliyi” isə “Çaykur Rizəspor”u qəbul edəcək.