Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyunlar zamanı əvəzetmə qaydalarına dəyişikliyi təsdiqləyib.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı milli assosiasiyalara müvafiq məktub göndərilib.

Bununla da çempionat oyunlarında beş əvəzetmənin tətbiq olunacağı dəqiqləşib.

Futbolda oyun qaydalarını müəyyən edən IFAB FİFA-dan gələn təklifi dəyərləndirərək oyunçu dəyişiklikləri qaydalarında düzəliş edib. Bu düzəlişlər müvəqqətidir və yalnız 2019/20 sezonu üçün şamil edilir. Sözügedən dəyişikliklərin şamil edilməsi yarışların təşkilatçılarının ixtiyarındadır və bunun üçün quruma müraciət etməsi lazım deyil (yəni 3, 4 və ya 5 dəyişikliyi tətbiq etmək yarış təşkilatçının ixtiyarındadır ).
“Oyun Qaydaları”, 3-cü maddəyə edilən dəyişikliklər:

• Hər komandaya matç ərzində maksimum 5 oyunçu dəyişikliyi etməyə icazə veriləcək;
• Matçın gedişatına mənfi təsir etməmək məqsədi ilə hər komandaya oyun ərzində maksimum 3 dəfə oyunçu dəyişikliyi etməyə icazə veriləcək;
• Komandalar fasilədə də dəyişiklik edə bilərlər (bu,3 dəfə nəzərdə tutulan limitə daxil deyil)
• Əgər hər iki komanda eyni vaxtda dəyişiklik edirsə, bu, onların hər birinin 3 dəfə dəyişiklik etmək limitindən çıxılacaq;
• İstifadə edilməyən oyunçu dəyişiklikləri(5) və dəyişiklik limitləri(3) əlavə edilmiş vaxta (extra-time) daşınacaq;
• Əgər oyunun keçirildiyi cari yarış qaydalarına əsasən, oyun əlavə edilmiş vaxta gedərkən (2 hissədən ibarət ekstra), komandalara bir əlavə dəyişiklik haqqı verilirsə, bu zaman hər iki komanda üçün əlavə 1 oyunçu dəyişikliyi hüququ və 1 dəyişiklik etmək şansı yaranacaq (oyun ərzində 5 oyunçu və 3 dəfə dəyişiklik etmək haqqından istifadə edib-etməməsindən asılı olmayaraq).
• Komandaların ekstra hissələr başlamadan öncə və hər iki hissə arasındakı fasilədə etdiyi dəyişikliklər onlara verilmiş dəyişiklik etmək limitindən çıxılmayacaq (3+1) .

QEYD: dəyişilən oyunçunun yenidən oyuna daxil olması yüksək çempionatlar üçün keçərli deyil.