Avropa Voleybol Konfederasiyası (CEV) kişi və qadınlar arasında Avropa Liqasının oyunlarını ləğv edib.

Offsideplus.az xəbər verir ki, qurumun bu addımı atmasına koronavirus pandemiyası səbəb olub. Rəhbərlik videotoplantıda həm Qızıl, həm Gümüş liqalarda 2020-ci il mövsümünün oyunlarının keçirilməməsini məqsədəuyğun sayıb.

Mayın sonu və iyunda baş tutmalı olan turnirlərdə Azərbaycan milli komandaları da mübarizə aparmalı idi. Qadınlar Qızıl Liqada, kişilər Gümüş Liqada qüvvəsini sınayacaqdı. Lakin komandalarımız turnir ləğv olunduğu üçün heç bir matç keçirə bilməyəcəklər.

CEV 2021-ci ildə keçiriləcək Avropa çempionatına seçmə turnirini də müzakirə edib.  Nəzərinizə çatdıraq ki, Azərbaycan qadın yığması final mərhələsinə vəsiqəni artıq təmin edib, kişilər isə seçmə oyunlar keçirməlidir.

Qeyd edək ki, CEV avrokubokların, o cümlədən Çempionlar Liqasının koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünü ləğvinə də qərar verib. Mövsüm başa çatmasa da, avrokuboklarda çıxış edən komandalar gözlənilən mükafat fondunu 80 faizdən artığını alacaq. Həmçinin 2020/21 mövsümünün mükafat fondu təsdiqlənib və klublara qarşıdakı il üçün dəstək göstərilməsi qərara alınıb.