Fernandu Santuşun Azərbaycan millisi ilə macərası yaxşı başlamadı. Portuqaliyalının komandası İsveçə evdə 1:3, Slovakiyaya səfərdə 0:2 hesabı ilə məğlub oldu.
Santuşun rəhbərliyində yığmamız ilk matçda yaxşı təsir bağışlamışdı. Slovakiya ilə oyun haqda isə eyni sözləri demək olmaz. Yaxşı ki, Mehdi Cənnətov özünü yaxşı tərəfdən göstərə bildi. Yoxsa, hesab daha böyük ola bilərdi.
Hər iki oyunu ayrı-ayrılıqda təhlil etmək olar. Komandamızın problemlərini sadalaya bilərik. Amma təməl problem millinin üzvlərindədir. Meydan oyunçuları yığmanın matçlarında həyəcanlanırlar, ayaqları dolaşır. Misal üçün, Amin Seydiyev. Son illər haqqında ən çox danışılan oyunçudur. Hamı deyir ki, "Sabah" özünü yaxşı tərəfdən göstərir. Millidə oynasın. Santuş şans verir. Müdafiəçi özünü itirir. Slovakiya ilə matçda 37 dəqiqə meydanda qala bildi. 1 penaltiyə səbəb oldu. İkinci qolda da Hançko Amini uşaq kimi aldadaraq məhsuldar ötürmə sahibi oldu.
Başqa kimi deyim? Elvin Cəfərquliyev. Oyun ərzində aşağı-yuxarı qaçır. Əlləşir. Amma ilk hissədə qapı istiqamətinə normal bir ötürməsi olmadı.
Ya Emil Mustafayevə nə deməli? "Polissya"nın üzvü yığmada Eminin kölgəsində qalırdı. Santuş Slovakiya ilə oyunda şans verdi. Emil nə etdi? Heç nə. Nə hücum qurdu, nə uzaqdan zərbəyə cəhd etdi.
Dünən ikinci hissədə meydana daxil olan Ceyhun Nuriyev, Ramil Şeydayev nə ilə yadda? Ötürmələri qəbul etdikdən sonra ayaqları dolaşırdı. Heç biri cinahdan keçid edə bilmədi. Qapı istiqamətində zərbə cəhdləri belə olmadı.
Mehdi Cənnətovdan başqa dünən oyunda iştirak edən 15 futbolçunun hamısının çıxışını bir-bir təhlil etmək olar. Qiymətləndirsək, maksimum Alekseyə 5 bal verə bilərik. Bu futbolçuların hamısı "Qarabağ", "Sabah", "Neftçi", "Zirə" kimi öndə gedən klublarımızın yerli futbolçularıdır. Öz komandalarında yaxşı performans sərgiləyirlər. Amma yığmada oynaya bilmirlər...