İngiltərənin “Liverpul” klubu “Real Madrid”in ulduz hücumçusu Rodriqo Qoesin transferi üçün 90 milyon avroluq rəsmi təklif verməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçunun gələcəyi son aylarda ən çox müzakirə olunan mövzulardan biridir. Xabi Alonsonun rəhbərliyi altında Rodriqo əvvəlki qədər əsas heyətdə şans tapmır və bu da Avropanın bir sıra klublarının diqqətini cəlb edib.
Məlumata görə, Arne Slotun komandası hücum xəttini gücləndirmək üçün Rodriqonu ideal namizəd hesab edir və qış transfer pəncərəsində onun üçün böyük məbləğ ödəməyə hazırdır.
Rodriqo son oyunlarda yenidən əsas heyətə qayıtsa da və 3 matçda 4 qola töhfə versə də, onun Madrid klubundakı gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır. Futbolçunun müqaviləsi 2028-ci ilin yayına qədərdir.
“Real Madrid”in qışda belə iri həcmli transfer qərarı verməsi çətin görünsə də, bu məbləğ klub rəhbərliyini düşünməyə vadar edə bilər. Madrid təmsilçisi hazırda futbolçunun vəziyyətini daxildə müzakirə edir və yekun qərar hələ verilməyib.



