İngiltərə Premyer Liqası klubları eyni səhmdarların sahib olduğu klublar arasında transferlərin reallaşmasına qadağa gətirmək istəyir.
Offsideplus.az xəbər verir ki, bu niyyətlə İPL klubları arasında keçirilən səsvermədə 13 klub qərarın lehinə səs verib. Ancaq hələ ki, qadağa tətbiq edilməyəcək, çünki daha 1 səsə ehtiyac var. Bu iclasdan sonra diqqətlər Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fonduna (PIF) məxsus olan "Nyukasl Yunayted"ə çevrilib. Futbol mərcinə görə 10 aylıq qadağa ilə üzləşən Sandro Tonalinin əvəzinə Ruben Neveşin "Əl-Hilal"dan mümkün keçidinə hazırlaşan klubun bu məsələdə problem yaşamayacağı məlum olub. Keçidin yanvar ayında reallaşması gözlənilir.
PIF İngiltərə klubu ilə yanaşı Səudiyyə Ərəbistanıdan “Əl-Nassr”, “Əl-Hilal”, “Əl-Əhli” və “Əl-İttihad”ın da səhmlərinə sahibdir.
Baş məşqçi Eddi Hou ehtiyac yarandığı halda bir neçə transfer edə biləcəklərini deyib.
Qeyd edək ki, PIF-in sahib olduğu klublarda İPL təcrübəsinə malik Kriştianu Ronaldu (Əl-Nəssr), Roberto Firmino (Əl-Əhli), Sadio Mane (Əl-Nəssr) və Riyad Mahrez (Əl-Əhli) kimi futbolçular var.