Qurban Qurbanovun maraqlı müsahibəsini təqdim edirik:
- Futboldankənar müsahibəyə elə bu sualla başlayaq: Futboldan kənar Qurban Qurbanovu ən çox maraqlandıran hansı sahə, məşğuliyyət hansıdır?
- Futboldan başqa yenə futboldur. Daha doğrusu, idman. Əlimə kiçik bir fürsət düşən kimi öz işimdən əlavə idman eləməyə çalışıram. Bu, futbol da ola bilər, yaxud fərdi şəkildə idmanın başqa növü. Bəzən kimsə özümə yoldaş tapıram. Stolüstü tennisi sevirəm. Ümumiyyətlə, hər zaman idmanın içindəyəm.
- Qismət olsa, bu il 46 yaşınız tamam olacaq. Geriyə boylandıqda həyatınızın ən yaddaqalan ili hansı olub və nəyə görə?
- İnsan həyatı bir neçə mərhələdən ibarətdir. Hansısa ili daha maraqlı saysam, bəlkə də düzgün çıxmaz. Var uşaqlıq, gənclik dövrləri, indi orta yaşdan bir qədər sonrakı mərhələdir. Allah ömür versə, gələcək dövrümüz var. Hər yaşın öz marağı olur. Uşaqlığı başa düşməyərək keçirirsən. Gənclik illərində bir az dəliqanlı olursan. Bunun özünəməxsus marağı var. İndi olduğum yaş dövrünü insan daha çox düşünərək keçirir. Fikirləşəndə əvvəllər nə qədər səhvlər etdiyini görürsən. Buna baxmayaraq, bəzən maraqlı səhvlər olub. Həmin vaxtlar etdiyim hərəkətləri özüm yox, digərləri danışanda mənim üçün daha maraqlı olur. Keçmişdə yaxşı əhvalatlar çox olub. Onları eşitmək mənə zövq verir. Rayonumuza gedəndə qonşular danışır, dinləməkdən xoşum gəlir.
- Onların içində ən maraqlısı hansı olub?
- Məncə, danışmağım o qədər də düzgün çıxmaz (gülür).
- Şirin səhvlərdən danışdınız. Hansını indi yada salanda əllərinizi bir-birinə vurub deyirsiniz ki, gərək eləməzdim?
- Konkret hansınısa deyə bilmərəm. Amma böyüklərə qarşı bir az çılğın davranmışam. Belə deyək, həmişə özümü haqlı çıxarmağa çalışmışam. Burda valideynləri nəzərdə tutmuram. Yaşda məndən böyük olan digər insanlar. Uşaq da olsam, haqqımı tələb etmişəm. Çılğın, aqressiv olmuşam. Hətta bəzən müəllimlərdən də haqqımı tələb edirdim. İndi onları yadıma salanda fikirləşirəm ki, düz eləməmişəm. Amma o yaşda davranışlarım onlar üçün gözlənilməz və maraqlı olub.
- Qurban Qurbanov futbolçu olmasaydı, hansı sahəyə gedərdi?
- Yəqin ki, yenə idmanda olardım. Düzü, valideynlərim, xüsusilə anam oxumağı çox tələb edirdi. Hətta 8-ci sinifə kimi bütün qiymətlərim əla olub. Amma 9-cu sinifdən peşəkar futbolla məşğul olmağa başladım. Zaqatalanın “Daşqın” klubunda oynayırdım həmin vaxt. Bundan sonra qiymətlərim yavaş-yavaş aşağı düşdü. 8-ci sinifdən sonra çox az vaxt ayırırdım dərslərə. Baxmayaraq ki, anam bu barədə həddən artıq tələbkar idi. İstəyirdi ki, universitet bitirim...
- Hansı fənn sizi daha çox çəkirdi özünə?
- Riyaziyyata daha çox həvəsli idim. Müəllimlərim də çox razı idilər məndən. Hər dəfə anamı görəndə deyirdilər ki, əgər Qurban bu həvəslə, biliklə oxumasa, biz çox narahat olacağıq. Ancaq get-gedə futbola sevgim o qədər çox oldu ki, elm qaldı arxa planda və tamamilə fikrimi bu sahəyə yönəltməyə başladım.
- Bəlli oldu ki, idman həyat tərzinizdir. Futboldan başqa hansı növ sizi daha çox maraqlandırır?
- Ümumiyyətlə, bizim zona güləşə daha meyllidir. Həm cüdo, həm klassik güləşi və s. nəzərdə tuturam. Mənim də bu sahəyə marağım var idi. Bəzən güləşlə məşğul olanlarla bir yerdə olurdum. Hətta özüm də məşq edirdim. Marağım çox idi güləşə. Amma orda ola-ola yenə də futbola sevgim güc gəlirdi. Məktəb, rayon yarışlarında buna daha çox qaçırdım.
- Komandanızdan topla yaxşı davranmaqla yanaşı, həm də sürətli oyun istəyirsiniz. Bəs sükanda necə, sürəti sevirsiniz?
- Bəli, sükanda sürəti çox sevirəm.
- YPX necə?
- Çox saxlayıblar.
- Yəqin ki, bəzən maraqlı hadisələr baş verib həmin hallarda. Tanıyırlarmı, necə davranırlar?
- Son vaxtlar hədddən artıq çox tanıyırlar. Ancaq bəzən də elə olub ki, saxlayandan sonra biliblər kim olduğumu. Deyiblər ki, tanımadıq, üzrlü hesab elə. Yəni bu dərəcədə yaxşı yanaşıblar mənə.
- Səhv sizdə də olsa?
- Həmişə səhv olanda saxlamayıblar. Bəzən yanlışlıqla baş verib. Ola bilsin, şübhələnib saxlasınlar, yaxud yoxlamaq məqsədilə. Təbii ki, dövlətin hər bir qanununa riayət etmək bizim borcumuzdu. Qaçdığım vaxt olmayıb. Nə vaxt işarə veriblərsə, saxlamışam. Amma belə, maşını sürətli idarə etməyi xoşlayıram.
- Top, yaxud forma istəyən olub? Belə hallar üçün maşında saxlamırsız ki?
- Maşında saxlamıram. Amma istəyən olub. “Qarabağ”ın formasını, ya da top istəyiblər. Sonradan göndərmişəm.
- Son illər dünya futbolunda baş məşqçilər öz tərzlərinə xüsusi diqqət edirlər və bu artıq trendə çevrilib. Azərbaycan futbolunda geyim tərzi baxımından ağıla siz gəlirsiniz. Bu, sizin üçün xüsusi əhəmiyyətli məsələdir?
- Hər bir insanın öz zövqü var. Hamı nəsə alanda onun necə göründüyünə, rənginə fikir verir. Konkret bir tərzdə geyinməyə meylli olduğumu deməzdim. Amma daha çox idman üslubunu xoşlayıram. Hansısa oyunla bağlı mütləq bu geyimdə getməliyəm fikri heç vaxt olmayıb. Hər oyuna fərqli hazırlaşmaq kimi düşüncəm yoxdu. Amma xoşlayıram ki, adi bir köynək də geyinsəm, əynimə biçilmiş olsun.
- Amma bəzən kostyum geyinirsiniz. Bu, xüsusi oyunlar üçündü?
- Avropa oyunlarında buna daha çox diqqət ayırıram. Ümumiyyətlə, komandanın baş məşqçisi kimi fərqlənmək bəzən çox vacib olur.
- Sadəcə geyimin xoşunuza gəlməyi önəmlidir, yoxsa xüsusi önəm verdiyiniz brend var?
- Xoşladığım var. Amma indi filan brenddən geyinirəm deməyim düzgün çıxmaz. Ümumiyyətlə, məndə alış-veriş həvəslədir. Məsələn, hansısa səfərdə olanda, yaxud mağazaya girəndə bəzi şeyləri götürürəm. Ucuz, baha, brend kimi düşüncələrim yoxdu.
- Seçimlərinizdə dominant özünüzsünüz, yoxsa kömək edənlər olur?
- Daha çox özüm seçirəm.
- Futbolçulara məşq keçirsiniz, sonra özünüz məşq edirsiniz. Bütünlüklə idmanın içindəsiniz. İdmanla yeməyin arasındakı sərhədi necə müəyyənləşdirir, əlaqəni necə qurursunuz?
- Yeməyi xoşlayan insanam. Amma idman eləyib, yeməyi daha çox sevirəm. Həm iştahım çox olur, həm rahat hiss edirəm ki, artıq çəki problemi olmayacaq. Buna çox önəm verirəm. Bəzən elə olur ki, rejimi pozuram. Bu hər insanda olur. 2-3 gün istəyirsən ki, daha çox yeyəsən. Bu da normaldır. Ümumiyyətlə, idman eləyib, yeməyi daha çox xoşlayıram.
- Şirniyyatla aranız necədi?
- Yaxşıdı. Amma bunu nəzarətdə saxlayıram. Çox da yemirəm.
- Xüsusi sevdiyiniz yeməklər varmı?
- Bəli. Plovu həddən artıq çox xoşlayıram. Quzu kababı sevimli yeməklərimdəndi. Yağlı, kalorili yeməklərdi əsasən. Ümumiyyətlə, evdə hazırlanan, öz milli yeməklərimiz xoşuma gəlir.
- Qurban Qurbanov daim işgüzar səfərlərdədir. Bəs sadəcə səyahətlə aranız necədi?
- Səyahəti daha çox ailəmə görə edirəm. Özüm tək, yaxud dostlarımla harasa gedim – belə bir hal yadıma gəlmir. Amma ailəmlə səyahət edəndə zövq alıram bundan.
- Hansı ölkədə olmaq istərdiz? Və nəyə görə?
- Mənim belə bir xarakterim var ki, hara da getsəm, Bakıda istirahət etməyi daha çox xoşlayıram. Gənclik dövrlərində daha çox rayona getmək istəyirdim. Hətta Rusiyada oynadığım vaxtlarda Bakıya gələn kimi dərhal rayonumuza getmək istəyirdim. Orda özümü olduqca rahat hiss edirdim. İndi Bakıda yaxın insanlarla bir yerdə olmağı daha üstün tuturam, nəinki xaricdə olmağı. Onsuz da ölkədən kənarda da şəhəri gəzirsən, yaxud kafedə oturursan, Bakıda da.
- Belə deyək də, olubmu ki, xəritəni qoyasınız qabağınıza, hansısa ölkə cəlb etsin və oranı görmək istəyəsiz?
- Açığı, olmayıb. Ya marağım azdı, ya da ümumiyyətlə, əhəmiyyət vermirəm.
- Qurbanov və musiqi mövzusu çox maraqlıdı...
- Əvvəllər çox marağım olub. Lap çox...
- Səhv eləmirəmsə, Viktor Çoyu dinləməyi sevirsiniz...
- O qədər də çox dinləməmişəm. Günü-gündən ya vaxt azlığından, ya da bəlkə hisslər zəifləyib deyə çox dinləmirəm. Ümumiyyətlə sonuncu dəfə nə vaxt oturub musiqiyə qulaq asdığım yadıma gəlmir. Yaxud hansı biri parça üçünsə darıxım. Belə bir hal yadıma gəlmir.
- Bunu sükan arxasında, yol gedəndə də etmək olur. Amma filmə xüsusi vaxt ayırmaq lazımdır. Buna münasibətiniz necədir?
- Eyni. Hamı kimi “Kurtlar Vadisi”nə baxırdım. Onu çox bəyəndim. İndi “Eşkiya Dünyaya Hükümdar Olmaz” adlı serial gedir. Buna da əsasən saat uyğun gəlir deyə açıb baxıram. Ancaq xüsusi vaxt ayıra bilmirəm film izləməyə.
- “Kurtlar Vadisi”ndə sizin üçün hansı obraz maraqlı olub?
- Orda hansısa obraz yox, ümumi gedişat mənə maraqlı idi. Türklərin digər ölkələrə qarşı münasibəti, özlərini hazırlamağı, ölkəyə qarşı nələr planlaşdırılır – bu şeylər daha çox diqqətimi çəkdi. Hansısa obrazı xüsusi fərqləndirməmişəm.
Mənbə: Futbolpress.az
Elçin Cəlilov