"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandasının İngiltərə Premyer Liqasının qalibi olacağına inanır.

Offsideplus.az "BBC"yə istinadən xəbər verir ki, o, Premyer Liqanın 33-cü turu çərçivəsində səfərdə “Mançester Siti”yə 1:4 hesabı ilə məğlub olduqları görüşlə bağlı danışarkən deyib. 

İspaniyalı mütəxəssis sözügedən matçda rəqibin daha çox qələbəyə layiq olduğunu bildirib: “Etihadda baş verənlərdən sonra özümüzə gəlmək üçün bir az vaxt lazım oldu. Biz bu nəticə ilə barışa bilmərik, amma etiraf etməliyik ki, onlar oyunu yaxşı səviyyədə keçirdilər. Biz onlar kimi performans göstərə bilmədik, rəqib bizdən üstün idi və qələbəyə daha çox layiq idilər.

Etiraf etməliyik ki, hələ görüləsi işlərimiz var. Siz təvazökar olmalı, zəif tərəflərinizi dərk etməyi bacarmalı və daha yaxşı olmaq üçün çalışmalısınız. Amma bizim güclü tərəflərimiz də çoxdur və düşünürəm ki, son 10 ayda çox şey əldə etmişik".

O, çempionluq şanslarını da dəyərləndirib. Arteta bunun öz əllərində olmadığını qeyd edib: "Artıq şans bizim əlimizdə deyil. Qarşıda qalan matçlarda qalib gəlməyə çalışmaq bizim əlimizdədir, qalanı isə "Siti"dən asılıdır.

Biz hələ də Premyer Liqanı qazana bilərik, çünki qarşıda beş oyun var və çox şey ola bilər. Keçən həftə baş verənləri unudub, ondan dərs götürüb, diqqətimizi növbəti London derbisinə yönəltməli və hər şeyi düzəltməliyik”, - deyə “Arsenal”ın baş məşqçisi bildirib.

Qeyd edək ki, sona 5 tur qalmış "Arsenal" 75 xalla 2-ci, rəqibindən bir oyun az keçirən "Mançester Siti" (32 matç) isə 76 xalla 1-ci pillədə yer alıb.