"Barselona"nın heyətinə qatmaq istədiyi Portuqaliya millisinin üzvü Bernardo Silva bu gedişlə klubunda qalacaq.
Offsideplus.az "The Athletic"ə istinadən xəbər verir ki, 28 yaşlı oyunçu bu mövsüm də "Mançester Siti"də oynamağa davam edəcək. Xəbərə görə "şəhərlilər" əmindir ki, müqaviləsi 2025-ci ildə başa çatacaq portuqaliyalı futbolçu ilə yeni sözləşmə imzalaya biləcək.
Mənbənin verdiyi məlumatda o da qeyd olunur ki, "Barselona" Bernardonu transfer etmək istəsə də, indiyə qədər Premyer Liqa klubuna heç bir rəsmi təklif göndərməyib.
Qeyd edək ki, Bernardo Silva 2017-ci ilin yayından "Mançester Siti"də çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 50 oyunda iş başında olub, 13 qol və 7 qol ötürməsi ilə yadda qalıb. Futbolçu yeni mövsümdə isə İPL-nın ilk 2 turunda sonradan oyuna daxil olmaqla meydanda olub.