İngiltərənin "Çelsi" klubu çətin günlərini yaşayır.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ardınca London təmsilçisinin sahibi, rusiyalı iş adamı Roman Abramoviçin Böyük Britaniyanın sərhədləri daxilində yaşamasına qadağa qoyuldu. Ancaq sanksiyalar bununla bitmədi. Belə ki, 55 yaşlı funksionerin İngiltərədəki bütün aktivləri, bank hesabları da donduruldu. Bu durum Premyer Liqa klubunun işini çətinə saldı.
Hazırda "zadəganlar" "bir küncə sıxışdırılıb" və bank hesablarından bir penni (Böyük Britaniyada pul vahidi - red.) belə çıxara bilmir. Hətta vəziyyət o yerə gəlib çatdı ki, paytaxt təmsilçisinin avtobusuna yanacaq doldurmağa da pul tapılmır. O cümlədən "Çelsi"nin UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində "Lill"lə keçiriləcək görüş üçün Fransaya şəxsi təyyarəsiylə səfər etməsinə də qadağa qoyuldu. İngiltərə hökuməti Abramoviçə klubu satması üçün icazə vermir. Çünki biznesmenin satışdan gəlir əldə etməsi məqbul sayılmır.
Bəs "Çelsi" klubunun aqibəti necə olacaq?
London təmsilçisi tezliklə satılmasa, nələr baş verəcək?
Suallarımıza cavab tapmaq üçün Beynəlxalq İdman Hüquqşünasları Assosiasiyasının və Vəkillər Kollegiyasının üzvü Fərid Haqverdiyevə müraciət etdik. O, Offsideplus.az-a açıqlamasında cari durumu şərh etdi, həmçinin baş verə biləcək proseslər barədə danışdı: "Çelsi"yə ilk günlərdən sanksiya tətbiq olunanda kluba sadəcə, məşqlərini, oyunlarını keçirməyə - bir sözlə, gündəlik futbol fəaliyyətlərini yerinə yetirməyə icazə verilmişdi. Hazırda bank hesabları dondurulduğundan ödənişləri həyata keçirə bilmirlər. Dünən baş tutan danışıqlardan sonra belə bir iddia səsləndirildi ki, İngiltərə hökuməti Abramoviçin "Çelsi"nin satışından gəlir əldə etməmək şərti ilə klubu daha aşağı qiymətə satmasına icazə verəcək. Düşünürəm ki, klubu alacaq şəxs ya hökumətin müəyyən etdiyi biri, ya da maliyyə şərtlərində razılaşmaq tələbi ilə hər hansı investor olacaq. Bu təqdirdə satış baş tuta bilər. Alternativ variant isə odur ki, "Çelsi" rəsmi şəkildə müflis elan olunacaq. Çünki klub artıq öhdəlikləri yerinə yetirə bilmir. Borclar çoxalacaq və klub ödəyə bilməyincə, müflis elan ediləcək. Və həmin müddətdə "Çelsi"yə bu kimi hallarda nəzarət etmək üçün İngiltərə hökuməti tərəfindən müvəqqəti inzibatçı təyin olunacaq. Bu şəxs müəyyən müddət ərzində klubun fəaliyyətinə nəzarət edəcək və bundan sonra "Çelsi"nin satışına razılıq veriləcək. Ən pis məqam isə odur ki, əgər investor tapılmasa, "Çelsi" milliləşdiriləcək və hökumətin, ya da hansısa bələdiyyə orqanının mülkiyyətinə veriləcək".
Daşqın Əziz