İngiltərənin "Nyukasl" klubunu almaq üçün daha bir iş adamı dövrəyə girib.

Offsideplus.az xəbər verir ki, məşhur amerikalı milyarder Anri Mauriss "sağsağanlar"ı satın almaq niyyətindədir. İş adamı bunun üçün klubun hazırki sahibi Mayk Eşli ilə danışıqlar aparıb və 350 milyon funt sterlinq təklif edib.

Məlumata görə, tərəflər arasında məbləğlə bağlı müzakirələr aparılır. Mayk Eşlinin klubu satmaq üçün qərar verməyə tələsmədiyi də vurğulanıb.

Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd Bin Salmanın "Nyukasl"ı satın almağı ilə bağlı isə hələlik bir yenilik yoxdur. Hər kəs Premyer Liqa təmsilçisinin ərəbistanlı milyarderə satılacağını gözləsə də, bununla bağlı rəsmi bir qərar yoxdur. İPL rəhbərliyi məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Qeyd edək ki, Bin Salmanın klubu satın alacağı təqdirdə "beİN Sports" kimi məşhur yayım şirkəti Premyer Liqa oyunlarını işıqlandırmaqdan imtina edəcəyini bəyan edib.