"Mançester Yunayted"in futbolçusu Pol Skoulz bir neçə il öncə "Independet" saytına verdiyi müsahibədə "Barselona"ya qarşı oyunlar, yaşananlar və keçirdiyi hisslər haqqında danışıb.
Offsideplus.az futbolçunun Messidən qorxuduğunu etiraf etməkdən utanmadığını bildirən və ona qarşı müdafiə yollarını başa saldığı möhtəşəm tarixçəsini sizlərə təqdim edirik:
"Bu anı heç vaxt unutmayacağam. O, mənə yaxın qaçırdı, ayağımı ona tərəf uzatdım, amma Messi ayağımın üstündən tullandı. Bu, 2008-ci ildə Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Old Trafford"da baş verdi. Hesab 1:0 bizim xeyrimizə idi və mən bizim cərimə meydançasında ona qarşı qaydanı pozdum.
"Barselona" üzərində bizi Ferqyussonun rəhbərliyi altında ikinci Çempionlar Liqası tituluna aparan yolda qazandığımız qələbəni düşünəndə mən həmişə Messi ilə yaşadığımız qarşıdurmanı xatırlayıram. Bəli, mən o oyunda karyeramın ən yaxşı qolunu vurdum, ancaq dünyanın ən yaxşı oyunçusunun məni aldatdığı və qaydanı pozmağa məcbur etdiyi o bir neçə saniyəni heç vaxt unutmayacağam. Həmin an elə bildim ki, dünyanın sonudur.
Həmin an "Barsa"nın xeyrinə penalti təyin edilməli idi, səfərdə vurulacaq bir qol isə onları növbəti mərhələyə yüksəldəcəkdi. Hər nəysə, bilmirəm niyə, amma hakim penalti təyin etmədi. Oyun öz axarında davam etməyə başladı, Messi də bizə bu mənada problem yaratmadı. Bu an mən rahatlıq hiss etdim və oyuna qayıtdım.
Əvvəl-axır Messi hər şeyi konpensasiya etdi. Ona qarşı dörd dəfə oynamışam: iki dəfə 2008-ci ildə, daha sonra 2009 və 2011-ci illərdə Çempionlar Liqasının finalında, "Barselona" bizi rahatlıqla məğlub etdiyi oyuna sonradan daxil olaraq.
Messinin karyerası haqqında o qədər xoş sözlər deyilib ki, siz ancaq nəsə əlavə edə bilərsiniz. Yəni, deyəcəyiniz söz fərqli olmayacaq, amma ona qarşı oynayaraq, televizordan izləyərək görməyəcəyiniz şeylərə şahid olursunuz. Birincisi, o, meydanda heç vaxt danışmır. Sözün düzünü desəm, oyun boyu onun ağzından bir kəlmə belə çıxmadı. İkincisi isə, inanmayacaqsınız, amma bu balaca boy oğlan yıxılmaq nədir bilmir. Birlikdə meydanı bölüşdüyüm oyunçuları xatırlayıram: Erik Kantona, Zidan, Pirlo, Xavi, Ronaldo, amma Messi onların hamısından yaxşıdır.
"Barcelona"ya qarşı oyunlarda Messinin mənə mümkün olduğu qədər uzaq qalacağına ümid etdiyimi boynuma almaqdan utanmıram. Ələkeçməz - baxın, Messinin oyun tərzi haqqında danışılanda ağlıma ilk bu söz gəlir. Təsəvvür edin ki, Messi gözünüzün qarşısındadır və siz gözünüzü qırpmağa macal tapmamış o, yox olur və bir də görürsünüz ki, topla kosmosa çıxıb. Messi sizin qarşınızda olanda nə edəcəyini bilirsiniz, amma əsl məsələ onun qarşısını almaqdır ki, bu da mümkün deyil.
Messinin oyunu kəndirbaz şousuna bənzəyir. Buna görə bizim komanda olaraq onun qarşısını almaq üçün xüsusi planımız yox idi. Kim ona yaxın olacaqdısa, o da mübarizə aparacaqdı. Rio Ferdinand 2008-ci ildə Messiyə qarşı iki möhtəşəm oyun oynadı, amma heç kim onu hər saniyə nəzarətdə saxlamağı üçün bu, yaddaqalan olmadı. Bu zəmanədə Messi kimi soyuqqanlı hücumçuya çətin rast gələsiniz".
Tərcümə: FCB AZE