“Everton”un baş məşqçisi Sem Ellardays “Stok Siti” ilə çempionat matçından sonra komandanın futbolçusu Cenk Tosunla bağlı fikirlərini bildirib.
Offsideplus.az xəbər verir ki, o, dubl edərək, Liverpul təmsilçisinə qələbə qazandıran türkiyəli hücumçunu tərifləyib.
Ellardays Cenkin İngiltərə çempionatına çox tez uyğunlaşdığını deyib:
"Həmişə istəmişəm ki, yüksək səviyyəli futbolçu oyunun axarını dəyişsin, komandaya qələbə qazandırsın. Digər məşqçilər də bu istəkdə olurlar. Cenk bu oyunda o işi gördü. Bir çox futbolçulardan fərqli, Premyer Liqaya tez uyğunlaşdı. Bunu etmək o qədər də asan deyil. Tosun qollar vurub, bizə qələbələr qazandırsa, əla olacaq".
Qeyd edək ki, "Stok Siti" - "Everton" matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.