İngiltərə Futbol Assosasiyası (FA) “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanı cəzalandıra bilər.

Offsideplus.az Goal.az-a istinadən xəbər verir ki, bunun səbəbi baş məşqçinin İspaniyada həbs olunan katalon siyasi fəalların şərəfinə sarı lent taxmasıdır.

Qvardiola 3 aydan çox geyimində gəzdirdiyi bu emblemi çıxarmaq fikrində olmadığını deyib:

“Federasiyada bilirlər ki, onu çıxarmayacam. UEFA-nın bununla bağlı fərqli mövqeyi var. Onlar hörmətlə mənə dedilər ki, istədiyim qədər onu gəzdirə bilərəm. İngiltərədə deyəsən, işlər başqa cürdür. İngilislər bunun nə demək olduğundan xəbərdardır. Sizin “Brexit” (red. Avropa İttifaqından çıxmaq) və Şotlandiyanın müstəqilliyi ilə bağlı referenduma öz yanaşmanız var. Artıq 145 gündür həbsxanada olan insanlar da bunu etməyə çalışırdı. Məhkəmə insanın təqsirini sübuta yetirməyənə kimi o günahsızdır. Humanist bir şeyə tərəfdar olmaq cinayət deyil. Qaydanı pozmuşamsa, cəriməyə razıyam. Mən sadə adamam. Polis tərəfindən Kataloniyada saxlanılan adamlarda silah olmayıb. Bizim silahımız referendumdakı səslərimizdir”.