Hazırda “Çelsi”nin baş məşqçisi olan Mauritsio Sarrinin qəribə və maraqlı həyat hekayəsi var. 

Offsideplus.az sizə italyan mütəxəssislə bağlı ən maraqlı məqamları təqdim edir:

Sarrinin baş məşqi kimi ilk təcrübəsi 15 yaşına təsadüf edib. İtaliyanın D Seriyasında mübarizə aparan “Fiqline” klubunun baş məşqçisi oyuna gecikdiyi üçün, hakim heyət qurulmazsa, matçın baş tutmayacağını deyib. Məsələyə qarışan Sarri, komandanı toplayaraq, heyəti qurmağı bacarır. Üstəlik, bu heyətlə oyunda 2:1 hesabı ilə qələbə qazanır.
19 yaşına qədər aşağı liqalarda top qovan Sarri, sonradan iqtisadiyyat üzrə təhsil alaraq, bankda işləməyə başlayıb.

Bankda işlədiyi müddətdə iş üçün Almaniya, Lüksemburq və İngiltərəyə səyahət edən Sarrini, iş yoldaşları, “qara köynək, qara paltar geyinən, xarizmatik iş adamı idi” sözləri ilə ifadə edirlər.
9 il bankda işləyən Sarri, 1989-cu ildə yenidən futbola qayıdır. Həvəskar bir komandayla razılıq əldə edən 30 yaşlı Sarri, əvvəlki zədələrinə görə məşqlərə tam qatıla bilmirdi.
1990-1991-ci il mövsümündə isə hər şey bir anda dəyişir. Ardıcıl 8 oyunda məğlub olan komandanın baş məşqçisi qovulur. Yeni baş məşqçi axtarışları davam edərkən, Sarrinin komanda yoldaşı klubun prezidentinə “Niyə Sarrini burda sınamırsız” sualını verir. Prezident soruşur, Sarri təklifi qəbul edir.
Beləliklə, 33 yaşında Mauritsionun baş məşqçi karyerası başlamış olur. Gündüzlər bankda işləyən Sarri, axşamlar komanda ilə birlikdə çalışırdı. Bir saatlıq yolun yoruculuğuna baxmayaraq, onun istədiyi məhz bu idi.
1998-ci ildə isə o, bankdakı fəaliyyətinə son vermək haqqında düşünməyə başlayır. O, həmin vaxtları belə xatırlayır: “Ofisdə oturduğum zaman baş məşqçiliyi, futbol meydanını düşünürdüm. Tez-tez saata baxırdım, çünki bir an öncə uşaqların yanına gedib, onlarla işləməyim lazım idi. Məhz həmin an bütün günümün futbol olmasının lazım olduğunu anladım”.
2000-ci ildə bankdakı işindən çıxan Sarri, İtaliyanın D Seriyasında çıxış edən “Sansovino” klubunun baş məşqçisi təyin olundu və bununla da, onun peşəkar baş məşqçilik karyerası da başlamış oldu. Bunun bir də səbəbi onun atası idi. Belə ki, gənc yaşlarında məşhur velosiped yarışçısı olan atası, öz işindən ayrıla bilmədikdə, idman karyerasını bitirmək məcburiyyətində qalmışdı. Onun da atası kimi peşmanlıq yaşamaq niyyəti yox idi.
40 yaşında bankdakı işindən ayrılan Sarri, səssiz həyatı və çox məvacib almaq əvəzinə, baş məşqçiliyi seçmişdi. O, bu haqda “Özünü necə xoşbəxt hiss edirsənsə, elə də yaşa” demişdi.
2015-ci ildə “Napoli”nin prezidenti Aurelio De Laurentis, Sarrini bankda çalışdığı zaman tez qərar vermə bacarığı qazandığı üçün seçdiyini bildirmişdi.
40 yaşında bankdakı vəzifəsindən ayrılan Sarri, 59 yaşında “Çelsi”nin baş məşqçisi olur.(Komanda.az)

s1

s2

s3

s4