“Arsenal”ın baş məşqçisi Unay Emeri Avropa Liqasının 6-cı turunda “Qarabağ”ı minimal hesabla məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Offsideplus.az xəbər verir ki, Emeri İngiltərə mətbuatına açıqlamasında 17 yaşlı futbolçu Bukayo Saka haqda da danışıb:
“Başa düşürdük ki, oyunçulara təcrübə lazımdır. Sokratis Papastatopulos üçün bu oyunda oynamaq önəmli idi. Çünki həftəsonu oynaya bilməyəcək. Aleksandr Lakazett üçün də bu görüşdə meydanda olmaq vacib idi. Futbolçularımın "Qarabağ"a qarşı nümayiş etdirdiyi oyundan razıyam. Bizim əsas vəzifəmiz gənc oyunçulara şans verməkdir. Saka bu gün çox yaxşı oyun sərgilədi. Onun təkətək mübarizələrdə istedadlı olması, bundan istifadə etməsi bizim üçün çox vacib idi. Bu matç, onda özünə daha çox inam yaradacaq”.
Unay Emeri AL-in son turunda “Qarabağ”a qarşı keçirdikləri matçda Saka (17 yaş), Eddi Nketia (19 yaş), Co Uillok (19 yaş) kimi gənc futbolçuları start heyətdə meydana buraxıb. Ehtiyatda olan digər gənc futbolçular - Çarli Gilmor (19 yaş) və Zakariya Medli (18 yaş) isə sonradan meydana daxil olub.