"Qalatasaray"ın ulduzu İngiltərəyə yollana bilər.
Offsideplus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının aparıcı klublarından olan "Çelsi" nigeriyalı hücumçu Viktor Osimheni heyətinə qatmaq üçün rəsmi addımlar atmağa başlayıb.
İngiltərə mətbuatında yer alan məlumatlara görə, London təmsilçisi 27 yaşlı ulduz futbolçunun transfer imkanlarını dəyərləndirmək məqsədilə ilkin danışıqlara start verib. Müdafiə və hücum xəttini yeniləməyi planlaşdıran "Çelsi" rəhbərliyi, Osimheni yay transfer pəncərəsindəki əsas hədəflərindən biri kimi müəyyənləşdirib.
"Qalatasaray" forması ilə göstərdiyi məhsuldar oyunla diqqətləri üzərinə çəkən nigeriyalı bombardir üçün İstanbul klubu yüksək transfer haqqı tələb edir.
Osimhenlə təkcə "Çelsi" deyil, Premyer Liqanın digər iddialı klubları da yaxından maraqlanır. İspaniyalı baş məşqçinin rəhbərliyi altında növbəti mövsüm çempionluq mübarizəsi aparmaq istəyən "zadəganlar"ın bu transfer yarışında necə bir təkliflə çıxış edəcəyi yaxın günlərdə bəlli olacaq.



