Ueyn Runi Pep Qvardiolanın topa sahib olmağa əsaslanan məşqçilik üslubunun İngiltərə futbolunda böyük dəyişikliklərə səbəb olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, mövsümün sonunda ispaniyalı mütəxəssisin "Mançester Siti"dən ayrılacağı xəbərindən sonra İngiltərə millisinin sabiq hücumçusu Qvardiola haqqında bu fikirləri bölüşüb:
"Düşünürəm ki, o, bura yeni bir nəfəs gətirdi. Pep inanılmazdır və ingilis futbolunun simasını tamamilə dəyişdi. Son 10-15 ildə xarici oyunçu və məşqçilərin sayı onsuz da artmışdı. Lakin məhz o gəldi və faktiki olaraq bütün piramidanı, hətta həvəskar futbolu belə dəyişdirdi.
Qvardiola ingilis futbolunun hər bir aspektinə təsir etdi. İndi insanlar topu qapıdan qısa ötürmələrlə oyuna daxil edirlər, uşaq komandaları da müdafiədən qısa paslarla çıxmağa çalışırlar".


