"Mançester Yunayted"in əfsanəsi Ueyn Runi "Liverpul"un baş məşqçisi Arne Slotu tənqid edən Məhəmməd Salahı sərt şəkildə qınayıb.
Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasına vəsiqə yolunda ağır zərbə alan "Liverpul"un "Aston Villa"ya 2:4 hesablı məğlubiyyətindən sonra danışan Salah, komandanın yenidən "rəqiblərin qorxduğu ağır metal hücum futboluna" qayıtmalı olduğunu demişdi.
Mersisayd təmsilçisində keçirdiyi illər ərzində 257 qol vuran və 6 mühüm titul qazanan misirli ulduz bu mövsümün sonunda klubdan ayrılacaq. Onun sözlərinə sərt reaksiya verən Runi, Salahın bu bazar günü "Brentford"a qarşı keçiriləcək vidalaşma matçında ümumiyyətlə heyətdə olmamalı olduğunu bildirib:
"Liverpul"da qazandığı onca uğurdan sonra belə bir gedişat üzücüdür. Onun ortaya çıxıb Slota söz atması tamamilə yersizdir. "Ağır metal futbolu" istədiyini deməklə, əslində Yurgen Kloppun futbolu üçün darıxdığını bildirir. Amma məncə, Salah artıq o cür yüksək templi və intensiv futbolun öhdəsindən gələ bilməz, o qaçışlar üçün ayaqlarında güc qalmayıb.
Əgər mən Arne Slotun yerində olsaydım, son oyunda onu stadiona heç yaxın da buraxmazdım".


