"Liverpul"un baş məşqçisi Arne Slot "Fulhem" üzərindəki 2:0 hesablı qələbənin komandada ruh yüksəkliyi yaratdığını, lakin bunun yalnız ilk addım olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, Premyer Liqada 17 yaşlı Rio Nqumoha və Məhəmməd Salahın qolları ilə qazanılan bu qələbə, "Liverpul"un ardıcıl məğlubiyyətlərdən sonra özünə gəlməsinə kömək edib.
Slot çərşənbə axşamı Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ ilə keçiriləcək cavab oyunu öncəsi azarkeşləri komandaya dəstək olmağa çağırıb:
"Bu qələbə həm liqa, həm də növbəti matç üçün çox vacib idi. Çərşənbə axşamı azarkeşlərimizə ehtiyacımız var. "Enfild" komandanı başqa səviyyəyə qaldıra bildiyini dəfələrlə sübut edib".
Tarixi qola imza atan gənc istedad Rio Nqumoha haqqında da danışan mütəxəssis, onun təkbətək mübarizələrdəki ustalığını və daha çox oyun vaxtına layiq olduğunu vurğulayıb.


