"Liverpul"un baş məşqçisi Arne Slot mövsümün sonunda komandadan ayrılacağı açıqlanan Endryu Robertson haqqında danışıb.

Offsideplus.az xəbər verir ki, "Fulhem"lə oyundan əvvəl keçirilən mətbuat konfransında mütəxəssis şotlandiyalı müdafiəçini həm futbolçu, həm də şəxsiyyət kimi yüksək qiymətləndirib:

"O, burada möhtəşəm mövsümlər keçirib. Robertson təkcə əla oyunçu deyil, həm də xaraktercə çox müsbət insandır. Onun oyunundakı o yüksək intensivlik həmişə yaddaşımda qalacaq. Hətta bir neçə il əvvəl onun sol cinahdan sağ cinaha qədər etdiyi pressinqi digər futbolçularıma nümunə kimi göstərmişdim.

Robertson bu klubda hər şeyi qazanıb və buranı ürəkdən sevir. Doqquz illik möhtəşəm karyeradan sonra ayrılmaq qərarı bu mövsüm kifayət qədər oyun şansı qazanmaması ilə bağlıdır. Hər bir futbolçu daimi olaraq əsas heyətdə çıxış etmək istəyir".