"Mançester Yunayted", Avropanın ən perspektivli gənc istedadlarından biri hesab olunan "Leypsiq"in cinah oyunçusu Yan Diomande üçün rəsmi transfer təklifini ünvanlayıb.
Offsideplus.az xəbər verir ki, İngiltərə təmsilçisi 19 yaşlı Kot-d'İvuar əsilli futbolçu üçün 89,4 milyon avro (78 milyon funt-sterlinq) ödəməyə hazır olduğunu bildirib.
"Qırmızı şeytanlar" gənc ulduzu "Liverpul" və "Mançester Siti" kimi əzəli rəqiblərindən öncə transfer etmək üçün prosesləri sürətləndirib:
Klub artıq Diomande və onun agentləri ilə birbaşa danışıqlar aparmaq üçün rəsmi icazə əldə edib.
"Yunayted"in hücumçusu Benjamin Şeşko keçmiş komanda yoldaşını "Old Trafford"a gəlməyə razı salmaq üçün dövrəyə girib.
"Leypsiq" hələlik bu təkliflə razılaşmayıb. Klub oyunçu üçün 100–115 milyon avro arası məbləğ tələb edir və ona maaş artımı ilə yeni müqavilə təklif etməyə hazırlaşır.
"Liverpul" tərəfi Diomandeni komandadan ayrılacağı gözlənilən Məhəmməd Salahın uzunmüddətli əvəzləyicisi kimi siyahısında saxlayır. Eyni zamanda "Bayern Münhen", PSJ və "Arsenal" da futbolçunun ətrafındakı vəziyyəti diqqətlə izləyirlər.



