"Liverpul" klubunun əfsanəvi futbolçusu Məhəmməd Salah mövsümün sonunda komandadan ayrılacağını rəsmən açıqlayıb.
Offsideplus.az xəbər verir ki, İngiltərə Premyer Liqasında çıxış edən "Liverpul"un ulduz oyunçusu sosial media hesabında paylaşım edərək, cari mövsümün sonunda klubla vidalaşacağını bildirib. İngilis təmsilçisi də misirli futbolçunun ayrılığını rəsmi şəkildə təsdiqləyib.
Klubun yaydığı açıqlamada qeyd olunub ki, Məhəmməd Salah 2025/2026 mövsümündən sonra "Liverpul"dakı karyerasını başa vuracaq: “Məhəmməd Salah mövsümün sonunda "Liverpul"dakı möhtəşəm karyerasına yekun vuracaq”.
Bəyanatda, həmçinin futbolçunun kluba verdiyi töhfələrin gələcəkdə xüsusi şəkildə qeyd olunacağı vurğulanıb: “Onun mirasını və uğurlarını qeyd etmək üçün vaxt daha sonra gələcək. Bu ilin sonuna doğru "Enfild"də keçiriləcək vida mərasimində bunu edəcəyik”.
Məhəmməd Salah isə açıqlamasında bunları deyib:
“Bu klubun, bu şəhərin, bu insanların həyatımın nə qədər böyük bir hissəsinə çevriləcəyini heç vaxt təsəvvür etməzdim. "Liverpul" sadəcə futbol klubu deyil – bu, bir ehtirasdır, tarixdir, ruhdur. Bunu sözlərlə ifadə etmək mümkün deyil.
Biz qələbələri birlikdə qeyd etdik, ən böyük kubokları qazandıq və ən çətin anlarda birlikdə mübarizə apardıq. Burada keçirdiyim müddət ərzində bu klubun bir parçası olan hər kəsə təşəkkür edirəm.”


