“Çətin oyun olacağını gözləyirdik”.

Bunu Offsideplus.az saytına açıqlamasında "Şamaxı"nın futbolçusu Rüfət Abbasov deyib.

O, Azərbaycan Premyer Liqasının XII turunda “Sabah”a qarşı keçirdikləri oyunla (0:0) bağlı fikirlərini bölüşüb:

“Sabah” bu il yaxşı formadadır. Evdə də xüsusilə yaxşı oynayırlar. Biz də layiqincə mübarizə apardıq. Bir sıra epizodlarımız olsa da, təəssüf ki, yararlana bilmədik. Növbəti oyunlarda boşluqların üzərində işləyib əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Komanda olaraq hazırda əsas hədəfimiz Premyer Liqada qalmaqdır. Həmçinin daha yaxşı nəticələr qazanmaq niyyətindəyik”.

Cinah müdafiəçisi Azərbaycan millisinin heyətindəki çıxışını dəyərləndirib:

“Millidə oynamaq şərəfdir. Bu, həmçinin bizim üçün əlavə motivasiyadır. Ayxan müəllimə və məşqçilər heyətinə təşəkkür edirəm. U- 21-in baş məşqçisi Rəşad Eyyubova da etimada görə təşəkkür edirəm. Bundan sonra üzərimdə işləməyə davam edəcəyəm. Məncə, daha da yaxşı ola bilərəm”.

Qeyd edək ki, Rüfət Abbasov Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya qarşı keçirdiyi matçda millinin heyətində debüt edib.