Azərbaycan futbolu maraqlı günlərini yaşayır.
Fasilə olsa da, komandalar fəaldırlar. Premyer Liqa kollektivləri heyətlərini gücləndirməyə çalışırlar.
Bu, normal prosesdir. Çünki hər klubun özünün hədəfi var. Kimsə çempion olmaq, kimsə avrokuboklara vəsiqə qazanmaq, kimsə də Premyer Liqada qalmaq istəyir. Bu hədəflərə uyğun olaraq heyətindəki boşluqları doldurmaq, komandanı gücləndirmək lazımdır.
Yanvarın 7-i. "Səbail" azərbaycanlı futbolçu Mirabdulla Abbasovun transferini açıqlayır. 29 yaşlı hücumçu ilə carı mövsümün sonuna kimi müqavilə imzalanır.
Kiminsə üçün burada qeyri-adi heç nə yoxdur. Amma Azərbaycan futbolunu yaxından izləyənlər, maraqlananlar demək istədiyimi başa düşdülər.
Hamıya bəllidir ki, "Səbail" Premyer Liqada qalmaq üçün mübarizə aparır. Bakı təmsilçisi 18 turdan sonra 10 xalla sonuncu pillədə qərarlaşıb. Yəni, "dənizçilər" heyətini gücləndirməlidir ki, ən azından yaxınlığında qərarlaşan "Kəpəz"i geridə qoya bilsin. Amma "Səbail" nə edir? 1 ilə yaxındır ki, futboldan uzaq olan Mirabdulla Abbasovu heyətinə qatır ki, Premyer Liqada qalsın.
Bunun harası məntiqlidir? Görəsən, bu qərarı hansı futbolu dərindən bilən verib? Bu kritik məqamda 1 ilə yaxın müddət futbol oynamayan oyunçu "Səbail"ə kömək ola biləcək?
Mən şəxsən bu transferdə hansısa məna görmürəm. Amma ağlıma bir fikir gəlir. Cəddinə qurban olum, Mirabdulla seyiddir. "Səbail" rəhbərliyi də bunu bilir. Özləri də başa düşürlər ki, bu mövsüm Premyer Liqada qalmaq onlar üçün çox çətin məsələdir. Çempionatı tərk etməmək üçün seyid cəddinə möhtacdırlar. Bu səbəbdən də Mirabdullanı transfer ediblər. Bu keçidin başqa açıqlaması ola bilməz...