Türkiyənin Qaziantep şəhərində keçirilən karate üzrə Avropa çempionatında üçüncü yeri tutan Mədinə Sadıqovanın Offsideplus.az-a müsahibəsi...
- Mədinə xanım, özünüz haqda məlumat verərdiz...
- 2001-ci ildə Gəncədə dünyaya gəlmişəm. Ağstafa rayonunun Aşağı Kəsəməni kəndində isə məktəbə getmişəm. Uşaq olarkən ailəmlə birlikdə Bakıya köçmüşük. Amma nə vaxt köçdüyümüz dəqiq yadımda deyil ( gülür ).
- İdmanla məşğul olmağa nə vaxt başlamısınız?
- 9 yaşımdan idmanla məşğul oluram. İlk müəllimim Seymur Xudaverdiyev olub. Onun zalında məşq edirdik.
- Bu qərarı verərkən hansı problemlərlə qarşılaşdınız?
- Heç bir problemlə qarşılaşmadım. Ailəm hər zaman mənə dəstək oldu.
- Bəs qohumlarda buna etiraz edən oldu?
- Xeyr, heç kəs bu haqda mənfi bir şey demədi.
Karateyə gəlişiniz necə oldu ?
- Atam şəhid olandan sonra idmana daha çox həvəsim yarandı. Qonşumuz Musanın formaların geyinib məşqlərə gedirdim. Evimizin yanında zal var idi, orada məşq keçirdik. Yəni Musanın da bu peşəyə gəlməmdə rolu var.
- İlk yarışınızı necə xatırlayırsınız?
- İlk yarışım Rusiyanın paytaxtı Moskvada olub. Burada üçüncü yeri tutdum. İnanılmaz hislər idi.
- Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında üçüncü oldunuz. Bu haqda təəssürlarınızı bölüşərdiniz...
- İlk dəfə olaraq böyüklər arasında Avropa çempionatına qatılırdım. Möhtəşəm hislər idi. İstərdim ki, qızıl qazanım, amma qismət bu imiş. Yarımfinalda ukraynalı Olimpiya ikincisinə məğlub oldum. Daha sonra xorvatiyalı idmançı ilə qarşılaşmada qalib gələrək bürünc mükafat uğrunda finala çıxdım. Burada italiyalıya qalib gəldim və Avropa üçüncüsü oldum. Hansı hisləri keçirdiyimi demək çox çətindir. Çünki ilk böyük səviyyəli yarışda belə bir uğur qazandım. İnşallah, bundan sonra ölkəmi qızılla sevindirərəm.
- Karatedə qazandığınız uğurlar haqda danışaq...
- 2018-ci ildə Soçidə keçirilən Avropa çempionatında gümüş, 2020-də Budapeştə keçirilən Avropa çempionatınada isə bürünc medal qazandım. Keçən il də Finlandiyada baş tutan Avropa çempionatında bürünc qazanmışdım. Üçüncü yerlərin məndən əl çəkmədiyini deyə bilərəm ( gülür ).
- Ən çətin döyüşünüz hansı olub?
- Portuqaliyada keçirilən yarışı qeyd edərdim. Burada almaniyalı rəqiblə qarşılaşdım. Çox çətinlik çəkdim. Şükürlər olsun, sonda onu 1 xal hesabı ilə məğlub etdim.
- Sizcə, Azərbaycanda xanım idmançılar əzmkardır, yoxsa bəylər?
- Fikrimcə, kişilər. Amma bu suala tam cavab verə bilməyəcəm ( gülür ).
- Hansı karateçi ilə qarşılaşmaq istərdiniz?
- Demək olar ki, arzuladığım bütün karateçilərlə qarşılaşmışam. Artıq məndə özümü o ulduzların arasında sayıram.
- Karate federasiyasında qadın idmançılarla bəylər arasında fərq qoyulurmu?
- Xeyr, federasiya hər zaman bizə lazım olan köməkliyi göstərir. Hətta baş məşqçimiz Denys Morozov hər ay bizə xarici ölkələrdən gələn tanınmış idmançılarla birlikdə təlim keçir. Bu da bizim inkşafımıza çox təsir edir.
- İndiyə kimi çəkindiyin bir karateçi olub?
- 16-17 yaşımda olarkən bir sıra çəkindiyim idmançılar var idi. Çünki onlar müəyyən uğur qazanmış karateçilər idi. Amma bu yarışda qazandığım nəticədən sonra belə olacağını düşünmürəm.
- Hansı halda karyeranızı bitirərsiniz?
- Hazırda bu barədə düşünmürəm. Amma Dünya və Avropa çempion olsam, karate ilə vidalaşaram.
- İdmandan başqa hansısa bir işlə məşğul olursunuz?
- Xeyr!
- Karatedən başqa hansı idman növü ilə maraqlanırsız?
- Futbol və güləşi xoşlayıram.
- Azərbaycanlı futbolçulardan hansının oyununu bəyənirsiniz?
- Rəşad Sadıqovu qeyd edərdim. Düzdür, hazırda o, futbolçu karyerasını başa vurub, amma ona hər zaman simpatiya bəsləmişəm. Onun da soyadı Sadıqovdur ( gülür ).
- Ölkə daxilində və ya xaricdə azarkeşlik etdiyiniz klub var?
- "Qalatasaray" və "Real"a azarkeşlik edirəm. Futbola marağımın yaranmasında atamın rolu olub.
- Azərbaycan qadın karateçilər üçün ideal ölkədir?
- Məncə, idealdır. Ölkəmizdə qadın idmançılar üçün bütün şərait yaradılıb. Hər şer şey insanın özündən asılıdır. Həmçinin xanımların idmanla məşğul olması onlara şəxsi həyatında da kömək olur ( gülür ).
- Rayonunuzda karateçi kimi kiməsə örnək olmusunuzmu?
- Məsələn,dayımqızı məni baxaraq karate ilə məşğul olmağa başladı. Keçən il məni rayona dəvət etmişdilər. Məktəbli uşaqlarla görüşdüm. Tədbirdə hər kəs anamdan mən haqda soruşurdu. Məni rayonumuzda örnək göstərənlər var. Bu da məni xoşbəxt edir.
- İdmanla təhsili birlikdə idarə etmək sizin üçün çətinlik yaratmır ki?
- Bəzi problemlər olur. Çünki iki şeyi idarə etmək çox çətindir. Hazırda isə Bədən Tərbiyəsi və İdman Akademiyasının son kursunda təhsil alıram.
- İdmançı bacarıqlarınızdan şəxsi həyatınızda istifadə etmisinizmi?
Xeyr! ( gülür ).
- Xanımların olduğu yerdə paxıllıq olur. Belə bir halla rastlaşmısınızmı?
- Əlbəttə, uğur nə qədər çox olursa, paxıllıqda bir o qədər çox olur. Hiss etməmişəm, amma olar. ( gülür ). Məncə, hər kəs paxıllıq əvəzinə öz üzərində işləsə daha yaxşı olar.
- Ailə qurmaq istədiyiniz şəxs karatedən getməyinizi istəsə, qəbul edərsinizmi?
- Hazırkı durumda belə olacağını düşünmürəm.
- Sevgi idman həyatınıza çətinlik yaradır?
- Düzünü desəm, ikisini də eyni anda idarə etmək çətindir ( gülür ).
- Mədinə Sadoqova çox çalışır?
- Düzünü desəm, yox. Tənbəlliyim var ( gülür ). Amma formamı geyinib məşqə getdiyim zaman isə tam fərqli oluram.
- İdmanla məşğul olmaq istəyən, lakin müəyyən çətinliklərlə qarşılaşan xanımlara nə məsləhət görərdiniz?
- Əgər məşğul olduqları sənəti çox sevirlərsə, sona kimi arxasınca getsinlər. Xanımlar bu dünyanın bəzəyidir.
CAVİD ƏLİYEV