Gender bərabərliyini qoruyan Azərbaycan futbolu...
Ölkəmizdə kişi futbolundakı əyər-əskikləri saymaqla bitməz. Uğursuzluq zolağından çıxmaqda çətinlik çəkən kişilər meydanda tək deyil. Onların sırasına zərif cinsin nümayəndələri də qoşulub. İllərdir milli komandalarımızın əldə etdiyi uğursuz nəticələr bunu deməyə əsas verir.
Gəlin, yaxın keçmişə nəzər salaq. Azərbaycanda qadın futbolu deyəndə, ilk olaraq 2012-ci ildə ölkəmizdə 17 yaşlı qızlar arasında keçirilən dünya çempionatı yada düşür. Həmin ilin 22 sentyabrında Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda mundialın təntənəli açılış mərasimi keçirildi. Tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak etdi. Həmçinin, FİFA-nın sabiq prezidenti Yozef Blatter də “küləklər şəhəri”nə təşrif buyurmuşdu.
Dünya şöhrətli müğənni Cenifer Lopezin açılış mərasiminə qatılması isə azarkeşlər üçün əla hədiyyə olmuşdu. Bu idman hadisəsi həm də FİFA bayrağı altında Azərbaycanda keçirilən ilk mötəbər yarış kimi tarixə düşüb.
Mundialda Azərbaycan millisi də ev sahibi kimi iştirak edirdi. Azərbaycanın qadın futbolçulardan ibarət U-17 milli komandası göstərilən yaşdan aşağı qızlardan təşkil olunmuşdu. Yığmamızda iştirak etmək üçün qızlar 2010-cu ilin may-iyul aylarında keçirilən seleksiya günlərində seçilmişdilər. Seleksiya Bakı, Lənkəran, Zaqatala, Qusar, Şəki və Gəncədə baş tutmuş və bu tədbirlərdə yüzlərlə qız iştirak etmişdi. Bu seçimlərdə ən yüksək nəticə göstərən qızlar Azərbaycan U-17 milli komandasının heyətinə cəlb olunmuşdular. Seçməmizin baş məşqçisi isə alman xanım Sissi Rayt idi.
Bu mundialda millimizdən müsbət nəticə gözləmək mənasız idi. Kükrək addımlarını atan yığmamız da bizi təəccübləndirmədi. Komandamız elə qrup mərhələsində ardıcıl məğlubiyyətlər alaraq, Dünya çempionatı ilə vidalaşdı. Ölkəmizdə təşkil olunan bu idman hadisəsindən sonra isə qadınlar arasında vahid turnir – Azərbaycan çempionatı keçirilməyə başladı. Lakin bu da qadın futbolunda təkanverici rol oynaya bilmədi. Bu gün Azərbaycanın qadın futbolu həmin “xətt”lə hərəkət edir. İllər keçməsinə baxmayaraq, milli komandalarımız getdikcə daha pis nəticələr göstərir. Arxivimizə qara hərflərlə yazılacaq böyükhesablı məğlubiyyətlər, yox səviyyəsində performans və s.
Məsələn, bu il qadın futbolçular arasında AVRO-2022-nin seçmə mərhələsində indiyə qədər görünməmiş rəzalətə şahidlik etdik. Azərbaycan yığması “evdə” İspaniyaya nə az, nə çox, 13 cavabsız qolla uduzdu. Görüşdən sonra nə baş məşqçi Siyasət Əsgərovun, nə də qızların media, azarkeşlər qarşısında deyəcəyi bir söz yox idi. Ancaq baş məşqçi qanunauyğunluğu nəzərə alaraq, oyunu şərh etdi. Çatışmayan cəhətlərdən, komanda ruhunun olmamasından danışdı, giley-güzar etdi. Çifayda...
Həmin tskildakı ümumi statistik mənzərə isə belə idi:
İspaniya, Çexiya, Moldova, Polşa kimi ölkələrin yığmalarıyla eyni qrupda yer alan seçməmiz 8 oyunun 7-sində məğlub oldu. Bir görüşdə qalib gəldik. Tsiklda cəmi 2 qol vurub, nə az, nə çox – 35-ni qapımızda gördük.
Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində də uğursuz seriyanı davam etdirir. Komandamız son olaraq bir neçə gün əvvəl Rusiyaya 0:4 hesabıyla yenildi.
Siyasət müəllim isə həmin matçdan sonra bunları söylədi:
“Ardıcıl beş oyundur məğlub oluruq. Bu, heç də yaxşı hal deyil. Bu cür məğlubiyyətlər psixoloji cəhətdən futbolçulara mənfi təsir edir. Doğma meydanda keçirdiyimiz oyunda xal qazanıb “qara zolaq”dan çıxmaq istəyirdik. Bu cür komandalarla, rəqiblərlə oyunda minimum səhvlə oynamaq lazımdır. Bugünkü oyunda buraxdığımız səhvlərdən qollar buraxdıq. Artıq Rusiya ilə oyunu unudub Monteneqro ilə qarşılaşmaya diqqət ayırmalıyıq. Məqsədimiz xal və ya xallar qazanmaqdır. İlk hissə bizim üçün daha yaxşı alındı. İkinci hissədə isə çoxlu əvəzetmələr etdik. İlk oyunla müqayisədə bu dəfə daha çox qol vura bildik. Bu, Azərbaycan millisinin taktikanı dəyişməsi ilə əlaqədardır. Rəqib daha çox hücum futbolu oynadı və müdafiədə boşluqlar buraxdı. Ona görə də hücumda işimiz bir qədər asan oldu”.
Hərzamankı kimi, baş məşqçi özünməxsus ifadələrlə, analizlərlə mətbuat konfransında çıxış edib qalxdı.
- Bəs necə olacaq?
- Bugünkü nəticələrə gətirib çıxaran səbəblər nələrdir?
- Nə çatışmır və nə olmalıdır?
- Bölgələrdə vəziyyət nə yerdədir?
Suallarımıza cavab tapmaq üçün Şəkinin qadınlardan ibarət “Marxal” klubunun baş məşqçisi Elgün Hüseynova tribuna verdik. Çalışdırıcı ilk olaraq cari vəziyyətdən bəhs etdi:
“Üzülürək qeyd edim ki, hal-hazırda qadınlar arasında keçirilən heç bir çempionatda iştirak etmirik. U-13 liqasına hazırlaşırdıq, gözlənilmədən çempionat ləğv olundu. Oğlanlar liqasında iki komandamız var. Heç olmasa qızların limitli də olsa oğlanlarla bir komandada oynaması üçün icazə istədim, “olmaz” dedilər.
Əlimizdən gələni edirik ki, qadın futbolu irəli getsin, inkişaf getsin. Qollarını çırmayıb həvəslə işə başlayırsan, amma o qədər "sürpriz"lə "əmma"yla "olmaz"la qarşılaşırsan ki... Qısası, qadın futbolunun inkişafda olmağından ağızdolusu danışa bilməyəcəyəm Hələlik qadın futbolu adına ürəkaçan bir mənzərə yoxdur, ancaq ruhdan düşmək, dayanmaq olmaz”.
Həmsöhbətimiz yığma komandalarımızın uğursuz çıxışından da söz açdı:
“Mənim bu suala cavab verməyim nə dərəcədə doğru olar bilmərəm, çünki milli komanda daxilində gedən proseslərdən xəbərdar deyiləm və bu baradə heç bir fikrim yoxdur. Amma müəyyən problemlər var ki, onları görmək üçün məsul şəxs olmaq lazım deyil. Yığma komanda ilə milli çempionat bir-birindən asılı olan, sıx bağlı olan amillərdir.. Birinin pis, digərinin yaxşı olması mümkünsüzdür. Üç ilə yaxındır ki, çempionat yox idi, oyunlar olmurdu. Düzdür, əsas millidə oyunçuların bir çoxu (demək olar ki, hamısı) legioner həyatı yaşayır, xarici klublarda oynayırlar, ancaq hər şey bununla bitmir.
U-17 , U-19 millilərimiz var ki, oradakı oyunçular xaricdə çıxış etmir, yerli çempionatın ümidinə qalıblar. Oyun praktikası olmayan oyunçulardan qələbə gözləmək ümumiyyətlə ağılsızlıq olar. Təbii ki, tək problem bu deyil. Ancaq ümumi problemlərdən biridir. Təzəlikcə çempionat başlayıb. Ümid edirəm ki, bu amil milli komandaların uğurlu çıxış etməsinə təsir göstərəcək”.
Hüseynov bölgələrdəki vəziyyəti də şərh etdi:
“Bu məsələdə qadınlar arasında keçirilən liqalar kişilərinkindən yaxşı mənada fərqlənir. Burada komandaların əksəriyyəti bölgəni təmsil edir. Bir qadın futbol komandası olaraq, bu günə qədər federasiyadan heç bir dəstək görməmişik. Top, məşq ləvazimatları kimi şeylər almamışıq. Digər şeylərin onsuz da tərəfdarı deyiləm. Komandaların hamısı AFFA-dan asılıdır. Yolpulu verilsə, yarışa gedəcəklər, verilməsə, yox. Müstəqil komandalar yoxdur, klub kimi inkişaf etmək istəmirlər...”.
Daşqın Əziz
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.