Millinin son 3 oyunda məğlub olması ölkə futbol ictimaiyyətini yerindən tərpətdi. Qəzəbli statuslar, əsəb dolu açıqlamalar, gələcəyə bədbin baxış...
Bir şeyi anlamalıyıq ki, illərdir görməyə alışdığımız üzücü yenilgilər bu cür də davam edəcək. Çünki futbolçuların təməli düzgün formada qurulmayıb, bundan artığını etməyə gücləri çatmır. Uşaq futbolunun inkişafına yanaşma dəyişməlidir, futbolçular legioner həyatı yaşamalıdır, Premyer Liqa iştirakçılarının sayı artırılmalıdır, futbol paytaxtdan bölgələrə daşınmalıdır, Birinci Dəstədən elitaya komandaya yüksəlməlidir. Bunlar olmadan yığmanı əvvəlkitək miskin durumda görməkdən başqa çarə qalmayacaq.
Futbolun özülü dediyimiz uşaq futboludur. Həmin sahə ki, ordakı problemləri saymaqla qurtarmaz. İllərdir uşaq futbolunda çalışanlar, bu təsərrüfatda tər tökənlər çətinliklərin nədən ibarət olduğunu, məlum durumdan çıxmağın yollarını yaxşı bilir.
Odur ki, bu dəfə həmsöhbət qismində “Qəbələ” Futbol Akademiyasının meneceri Nail Kərimova müraciət edib, uşaq futbolundakı problemlərin nədən ibarət olduğunu öyrənməyə çalışdıq.
Nail bəyin nöqsanlar və problemin həlli yolu ilə bağlı dediklərinin növbəti hissəsini təqdim edirik: "Ölkədə uşaq futbolu üçün lazımi akademiyaların olmaması məsələyə faktor kimi təsir etsə də, həlledici deyil. Xüsusilə Bakıda uşaq futbolu ilə məşğul olmaq üçün kifayət qədər meydança mövcuddur. Bu meydançaların standartlara uyğun gəlməməsi, süni olması, şəhər mərkəzindən uzaqda yerləşməsi bəhanədən başqa bir şey deyil. Lakin paytaxtın köklü klublarının bütün akademiyanı bir mərkəzə toplamaq üçün təbii, süni, qapalı meydançalar, soyunub-geyinmə otaqları, fitness zalı, ofis binası da daxil olmaqla infrastrukturunun olması şərtdir.
Eləcə də, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir və Naxçıvan şəhərləri kimi əhalinin sıx məskunlaşdığı yerlərdə bir neçə bazanın istifadəyə verilməsi mütləqdir.
Aşağı yaş qrupları üzrə çempionatların keçirilmə formatı və təşkilində qüsurlar mövcuddur, lakin həlledici deyil. Sadəcə, bütün yarışların qələbəyə hesablanması klubları və məşqçiləri də bu istiqamətə yönəldir. Məsələn, 17 və 15 yaşadək futbolçular arasında keçirilən liqaların qaliblərinə xarici ölkədə turnir və ya toplanış hədiyyə olunur. Həmin mükafat ən yaxşı akademiyaya, milli komandalara ən çox futbolçu vermiş akademiyaya, “Fair-Play”i təbliğ edən akademiyaya və s. kriterilərə əsasən verilə bilər.
14 yaşadək futbolçular arasında keçirilən liqaların regional mərhələləri Bakı zonası istisna olmaqla, iştirak xatirinə keçirilir, səviyyə çox aşağıdır. Bu liqaların final mərhələsinin formatı isə ən ciddi problemdir. Final mərhələsi olimpiya sistemi üzrə (knock-out) keçirilir. Məğlub olan komanda mübarizəni dərhal dayandırır deyə, məşqçi mütləq qalib gəlməyə çalışır. Qalib komandanın ancaq ən yaxşı futbolçuları oynamaq imkanı qazanır, məğlub komandanın 10-11 yaşlı üzvləri isə ciddi psixoloji sarsıntı keçirir. Məşqçilər və valideynlər oyunları festival ab-havasından çıxarıb, döyüş meydanına çevirirlər.
Avropa ölkələrinin əksəriyyətində 13-14 yaşa qədər futbolçulara məşq keçmək üçün C kateqoriyası kifayət edir. A və Pro kateqoriyalı məşqçilər adətən peşəkar futbola yönəldiklərinə görə, onlara kiçik yaş qruplarını həvalə etmək məntiqsizdir. A kateqoriyalı məşqçi U-11 komandasına çalışmağı qəbul etsə də, nadir hallarda faydasını görmək olar. Məhz bu səbəbdən Azərbaycandakı ideal məşqçi bölüşdürməsinin aşağıdakı kimi olduğunu iddia etmək olar:
Köməkçilər: yeni başlayanlar və ya C kateqoriyalılar,
U-10-a qədər: C kateqoriyalılar,
U-10 - U-15: B kateqoriyalılar,
U-15 - U-19: A kateqoriyalılar.
Məşqçi seçimi zamanı şərtlər, yerləşmə, yanaşma fərqlidir. Lakin önəmli olan çalışqan, məsuliyyətli, intellektual, intizamlı məşqçiləri seçməkdir.
Futbolçunun inkişaf etdirilə biləcəyimiz və bilməyəcəyimiz keyfiyyətləri mövcuddur. “Qəbələ” Futbol Akademiyasına seleksiya aparılan zaman sıra ilə zəka, sürət, çeviklik, intizam kimi faktorlara xüsusilə baxılır. Çünki bu keyfiyyətlər inkişaf etdirilə bilmir və ya az inkişaf edir.
Yuxarıda qeyd edildiyi kimi, ölkəmizdə daha çox fiziki cəhətdən üstün olan uşaqlar ön plana çıxarılır və onların əksəriyyəti peşəkar futbola keçid edə bilmirlər. Dünya səviyyəsinə çata biləcək uşaqların əksəriyyəti isə ya futbola cəlb edilmir, ya da məsul şəxslər düzgün inkişaf yolu seçə bilmirlər.
Avropa səviyyəli futbolçunun yetişməsi üçün sadəcə uşaq futbolunun düzgün qurulması kifayət deyil. Davamlı uğur qazanmaq üçün futbol kommersiya sahəsinə çevrilməli, rəqabətədavamlı çempionatlar keçirilməli, ciddi marketinq siyasəyi yürüdülməli, azarkeşlər stadionlara və ekran başına cəlb edilməli, futbol populyarlaşmalıdır".
HƏBİB