4 sentyabr 1999... Həmin gün axşam Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan-Portuqaliya qarşılaşmasının 51-ci dəqiqəsində Bəxtiyar Musayevin ideal ötürməsindən sonra topa sahib olan Zaur Tağızadə ildırım sürəti ilə irəliləmiş, qapıçının üzərinə gəldiyini görüb “dəri kürə”ni Vitor Bayanın ayaqları arasından keçirib tora qovuşdurmuşdu.
Tağızadənin “Qızıl oğlan” ləqəbini haqq etdiyi həmin oyun müstəqil Azərbaycan futbolunun vizit vərəqəsinə çevrildi. İndi kiminləsə danışanda, futbolumuzun şanlı tarixindən söz açanda, məhz Portuqaliya ilə heç-heçəni fəxrlə qeyd edirik. Əlbəttə, sonrakı illərdə də müəyyən uğurlar qazanılıb. Türkiyə üzərində qələbə, Rusiya və Xorvatiya ilə bərabərliklər... Amma 90-cı illərin ulduzları sayılan Luiş Fiqu, Ruy Koşta, Nunu Qomeş, Vitor Baya kimi futbolçuların cəmləşdiyi rəqibdən xal qoparmağın dadı da, ləzzəti də başqaydı.
Nə yazıq ki, Zaurun həmin qolu Portuqaliya millisi ilə indiyəqədərki 6 görüşdə rəqib qapısından keçirə bildiyimiz birinci və axırıncı topdur.
Bu gün axşam milli formasında meydana ayaq basacaq futbolçuların bəziləri 1999-cu ildə həyata yeni göz açmış, bir çoxu addım atmağı öyrənir, bir qismi də qəndqabıdan qənd oğurlamağın həzzini yaşayırdı. Ona görə də Luiş Fiqunun o dönəm üçün ad olaraq hansı məna kəsb etdiyini, Tağızadənin “ayaqarası” qolunun həmin vaxtın biz gəncləri üçün nə demək olduğunu anlamamaları normaldır. Lakin ən azından statistikanı vərəqləyə, o qolun və qoldan sonra tribunaların görüntüsünə baxa, nəticədə Azərbaycan futbolunda yeni tarix yazmaq üçün qarşısına “mən bacaracağam” hədəfini qoya bilərlər.
Razıyam, heyətində Kriştiano Ronaldo, Bruno Fernandeş, Jaoa Feliks, Dioqo Jota, Moutinyo kimi adlar olan komanda çox güclüdür, çox. Bu gün Portuqaliya millisi ilə “mənəm-mənəm” deyən yığmalar ayaqlaşa bilmir. Amma məsələnin ikinci tərəfi var. Nə Ronaldo adamyeyəndir, nə də Fernandeş adamdöyən. Onlar da sizin kimi bir ananın iki əllə iki ayaqdan ibarət dünyaya gətirdiyi futbolçulardır. Sadəcə, səviyyələri yüksəkdir və top-klubların şərəfini qoruyurlar.
Özündən qat-qat güclü olan rəqibi dayandırmağın heç bir rəsmi sənəddə qeyd olunmayan bir yolu var: ürəyini çıxarıb meydana atmaq, oyun başa çatandan sonra götürmək. 1999-cu ildə haqqında bəhs etdiyimiz oyunda “peraşki” dövrünün futbolçularının etdiyi kimi. Ondan 1 il sonra “Qalatasaray”ın UEFA kubokunda dünyanı təəccübləndirdiyi kimi. 2002-də Türkiyənin dünya çempionatının bürünc medallarını qazandığı kimi.
Yəni bu faktların hər birini vaxtından əvvəl kimə desəydin, adama nəinki gülərdi, hətta ağır zarafat etdiyini düşünüb tapancanı başına dirəyərdi. Amma baş verdi. Azərbaycan millisi Portuqaliyadan xal aldı, “Qalatasaray” UEFA kubokunu qazandı, Türkiyə millisi dünya çempionatının üçüncüsü oldu. Odur ki, bu gün axşam Portuqaliya ilə matçı xal və ya xallarla başa vurmaq kifayət qədər mümkündür. Sadəcə, uğura inanmaq, uğuru istəmək və Ronaldo ilə Fernandeşin, Felikslə Jotanın kim olduğuna önəm vermədən meydanda ürək qoymaq lazımdır. Bunu bacarsanız, vətənə əsl qəhrəmanlar kimi qayıdacaqsınız, bacarmasanız, məzə obyekti olmaqda davam edəcəksiniz. Seçim sizindir...
HƏBİB