Bu gün günorta saatlarında Quba Olimpiya Kompleksinin sökülməsi haqda məlumat vermişdik.
Offsideplus.az xəbər verir ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovla o vaxtkı yaxın dostu, "Bakı"Futbol Klubunun prezidenti kimi tanıdığımız Hafiz Məmmədovun banklara borcu ucbatından regiondakı idman qurğusu Mərkəzi Bank tərəfindən girov götürülüb. Odur ki. artıq söküntü işlərinə başlanılıb.
Məsələni diqqət mərkəzində saxladığımızda, belə deyək, hər ötən gün bir idman qurğusunun sökülməsini dövlət rəhbərliyinin idmana inkişaf siyasətinə zərbə kimi qiymətləndirdiyimizdən, ilk olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə müraciət etdik. Olimpiya kompleksinin nazirliyin balansında olmadığını bilə-bilə hansısa xoş xəbər eşitmək arzusu ilə AGİN-in mətbuat katibi Səmayə Məmmədovanı aradıq. Həmkarımızın məsələyə münasibəti belə oldu: "Xəbərlə tanışam, oxumuşam. Onu deyə bilərəm ki, Quba Olimpiya Kompleksi Gənclər və İdman Nazirliyinin balansında deyil. İndiyə qədər də heç vaxt olmayıb. Ümumiyyətlə. 2007-ci ilə qədər istifadəyə verilən olimpiya komplekslərinin heç biri AGİN-in balansında deyil. 2007-dən sonra tikilənlər bizim balansımızdadır. Hətta 2007-dən əvvəl tikilən komplekslərin bəzilərinin AGİN-in balansına verilməsinə başlanılıb. Lakin Quba Olimpiya Kompleksi bizdə deyil".
Qeyd edək ki, Quba Olimpiya Kompleksinin açılışı 2003-cü ilin oktyabrın 11-də olmuşdu ki, mərasimdə o vaxt baş nazir. hazırda ölkə başçısı olan İlham Əliyev də iştirak etmişdi.