Az öncə son futbol xəbərləri ilə tanış olmaq üçün Rusiya saytlarında “gəzişəndə” qarşıma “Zenit”in yoldaşlıq görüşündə qalib gəlməsi ilə bağlı xəbər çıxdı. Açığı, son Rusiya çempionunun hansı rəqibini məğlub etməsi o qədər də maraq kəsb etmirdi. Lakin başlıqda “... Ermənistan komandasını darmadağın etdi” sözlərini görəndə, “ayaq saxlamalı” oldum.

Məlum oldu ki, “piterlilər” bu gün səhər Dubayda “Ararat-Armeniya” (bu, bizim bildiyimiz “Ararat” deyil – H.) ilə qarşılaşıb və 4:0 hesabı ilə qələbə qazanıb. Rusların Bakı vaxtı ilə bu gün 17.00-da daha bir sınaq matçı var. Növbəti rəqib də Ermənistanı təmsil edir – “Noa”.

Müharibədən çıxan, hər gün xəbər saytlarında “ermənilər acından ölür, ermənilər acından qırılmamaq üçün Rusiyaya qaçır” şəklində məlumatların yayıldığı vaxtda düşmən ölkənin birdən-birə iki komandasının BƏƏ kimi “bərkgedən” ölkədə hazırlıq keçməsi sual doğurmaya bilməzdi.

Hansı pullarla gedirlər? Necə gedirlər? Dığaları kim maliyyələşdirir?

Odur ki, özüm, eləcə də sizlər üçün maraqlı olacağını nəzərə alıb müxtəlif saytlarda növbəti “gəzişmə” ilə suallara cavab tapmağa çalışdım.

“Ararat Moskva” ilə birləşəndən sonra...

2017-nin yayında Ruben Ayrapetyan İrəvan Futbol Akademiyasının və “Pünik”in müxtəlif yaş qruplarından ibarət komandaların məzunlarından formalaşan “Avan Akademiyası”nı yaratmaq qərarına gəlib. Komanda ilk mövsümü Ermənistanın birinci dəstəsində keçirib. 2017-nin dekabrında hansısa danışıqların nəticəsi kimi Rusiyada kifayət qədər tanınan əslən erməni Samvel Karapetyanın rəhbəri olduğu “Taşir” şirkəti “Avan Akademiyası”nı himayəsinə götürür.

2018-in iyununda bu komanda “Ararat Moskva” ilə birləşib və çox keçmədən adı dəyişilərək “Ararat-Armeniya” olub. 2018-19 mövsümündə Ermənistanın yüksək dəstəsində “Ararat-Armeniya” adlı komanda mübarizəyə başlayıb.

Ardıcıl 2 il çempionluq və Avroliqanın pley-offu

İrəvan təmsilçisi Premyer Liqadakı debüt ilindəcə çempion olmağı bacarıb. Bu azmış kimi “Pünik”lə Superkubok qarşılaşmasını da qalib başa vuraraq ikinci titula yiyələnib. Növbəti il, yəni 2019-20 mövsümü “qızıl dubl”la yekunlaşıb: çempionluq və ölkə kuboku.

“Ararat-Armeniya”nın avrokubok göstrəricisi də adamı düşünməyə vadar edir. Beynəlxalq arenalarda siftə edən kollektiv ilk cəhddəcə Avroliqanın pley-offuna qədər yükəlib. Ötən il də qrup mərhələsinə yaxın olublar. Pley-offa qədər irəliləyən erməniləri həlledici mərhələdə “Srvena Zvezda” dayandırıb.

İspan çalışdırıcı, 14 legioner

2017-ci ildən ötən yaya qədər komandaya əsasən erməni məşqçilər rəhbərlik edib (belaruslu Vadim Skripçenkonun fəaliyyəti 1 ay çəkib -2018-in avqustundan sentyabrına qədər – H.). Ölkədaxili yarışlarda qazanılan uğurlar da məhz yerli mütəxəssislərin adıyla bağlıdır. Ötən ilin iyulunda rəhbərlik “sükan”ı ispaniyalı David Kampanyana tapşırıb ki, əcnəbi çalışdırıcı hələ də işinin başındadır.

Komandanın özəyini əsasən legionerlər təşkil edir. Ermənistan millisinin dörd üzvündən başqa kollektivdə Rusiya, Ukrayna, Braziliya, Kolumbiya, İspaniya, Makedoniya, Fransa. İsveç, Nigeriya, Rumıniya, Portuqaliya və Perudan 14 futbolçu top qovur.

Bir faktı qeyd edim: ötən ay “Pünik”lə çempionat qarşılaşmasında “Ararat-Armeniya”nın start “11-liy”ində 9 legioner yer alıb. “Srvena Zvezda” ilə oktyabrda keçirilən Avroliqanın pley-off qarşılaşmasında start heyətində cəmi 1 erməni olub.

Sponsorları kimdir?

Komandada bu sayda legioner məşqçi və futbolçu saxlamaq böyük pullar tələb edir. Üstəgəl, hər dəfə təlim-məşq toplanışını ölkə xaricində keçmək, aşağı dəstədə “Ararat-Armeniya-2” adlı daha bir komanda saxlamaq və sair. Səbəb sadədir – klub əmin əllərdədir.

“News Media” holdinqinin baş direktoru Aram Qabrelyanov sports.ru-ya açıqlamasında “Ararat-Armeniya”nın kim tərəfindən maliyyələşdiyini bildirib. Qabrelyanovun məlumatına görə, kluba iki erməni biznesmen – Samvel Karapetyanla Kamo Avaqumyan sponsorluq edir. Daha doğrusu, rəhbərlik etdikləri “Taşir” və “Avilon” şirkətləri.

Kimdir onlar? Pulları hardan qazanırlar?

Karapetyan 1965-ci ildə Ermənistanın Lori bölgəsinin Lernaovit kəndində anadan olub. Sonradan Rusiyaya köçüb, bu ölkədə özünə ailə və iş qurub. Hazırda Rusiyadakı ermənilərin başına and içdikləri 2-3 nəfərdən biridir. Təbii ki, puluna və əliaçıqlığına görə. Karapetyan 2,5 milyardlıq sərvəti ilə “Forbes” jurnalının Rusiya ərazisi üzrə 2020-ci il hesabatında 39-cu pillədə yer alıb. Dünyada 836-cıdır.

Adamın qazancı sırf biznesdən gəlir deyə, ixtiyarında ümumilikdə 2,5 milyon kv.m. əhatə edən müxtəlif obyektlərin (otel, ofis, anbarlar və s.) olması təəccüblü görünməməlidir.

Avaqumyana gəlincə, gəlir mənbəyi “Avilon” avtodilerindəndir. Həmçinin Yunanıstandakı məşhur “Pomegrante Wellness SPA” otelinin səhmlərinin 21,5 faizi ona məxsusdur. O həmçinin Ermənistanın Rusiyadakı Baş Prokurorluğunun nümyəndəsidir.

Bu da “Ararat-Armeniya” haqqında bilmədiklərim(n)iz. “Qarabağ”ın avrokuboklarda dünyaya səs salması erməniləri əməlli-başlı narahat etməyə başlayıb. Fikir verdizsə, təmsilçimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan il – 2017-də “Ararat-Armeniya”nı yaratmaq həvəsinə düşüblər. İspan məşqçi, 12 ölkədən legioner, Dubayda təlim-məşq toplanışı, bir sözlə, xərclənən milyonlar...

Ümid edək ki, Rusiyada yaşayan milyarder azərbaycanlılar da nə vaxtsa Gəncədə, Tovuzda, Zaqatalada, Lənkəranda böyük futbolun olması üçün Samvellə Kamo qədər canfəşanlıq edəcək.

HƏBİB