Həyatımızda unudulmaz izlər buraxan 2020-nin sonuna yaxınlaşmaqdayıq. 35 gündən sonra başıbəlalı, qan-qadalı illə vidalaşacağıq. Lakin “əlvida” deməmişdən öncə hesabatını aparmalı olduğumuz bəzi işlər var ki, bir neçə gündən sonra “baş sındırmağa” başlayacağıq.
İlin idman xadimi, ilin idmançısı, ilin klubu, ilin idman hadisəsi, ilin futbolçusu - bu və digər nominasiyalar üzrə ən yaxşılar seçilməlidir. Pandemiyaya görə ənənə pozulmasa, bir neçə gündən sorğu-sual başlayacaq. Hər kəs öz namizədini təqdim etməlidir ki, ayrı-ayrı təşkilatlar və media qurumları qaliblərin adını ictimaiyyətə açıqlasın.
İlin futbolçusu. Qəribə səslənir, deyilmi?
Bu il kim futbol oynayıb? Oynayanlar nə oynayıb ki? İlin əvvəlində bir ay top dalınca qaçıb, məlum səbəbdən 5 aylıq fasiləyə çəkildilər. Avqustdan bu yana yenidən tər axıtmağa başlayıblar ki, ortada heç nə yoxdur.
Bu dəfə də ilk ağla gələnlər “Qarabağ”lılardır. Yarımçıq qalan ötən mövsümü çempion kimi başa vurdular, yenə Avroliqanın qrupuna yüksəldilər, son bir ayda çempionatda qarşılarına çıxana 6 top vurub yola salılar. Amma onların da özlərinə görə “minus”ları var. Biri ilboyu tez-tez zədələndi, o biri lazımsız hərəkətləri ilə qınandı, bir başqası qeyri-sabitliyi ilə seçildi. Lakir bir acı fakt adamı sual qarşısında qoyur: “Qarabağ”lıların yerlilərinin millidə və Avroliqanın qrupunda liderlik edə, komandanı arxasınca apara bilməməsi .
Sıx qrafik, yorğunluq, psixoloji sarsıntı, koronavirus, müharibə şəraiti – avqustdan bu yana bunları eşitməli olduq. Böyük ölçüdə haqlıdırlar, qınamaq da olmur. Yenə ağdamlıların öyünmək üçün əsası var. Çempion olublar, liderdilər, Avroliqanın qrupunda oynayırlar. Bəs digərləri?
Onların “ilin futbolçusu” üçün başını qaldırması belə, mümkün deyil. Hansı birini fərqləndirəsən? Həm ötən mövsüm, həm cari çempionatda “Qarabağ”ın “kölgəsində yatan”, “Bney Yehuda”nı keçə bilməyən “Neftçi”liləri? İlk cəhddə “Laçi”yə məğlub olub, çempionatda nə istədiyini özü də bilməyən “Keşlə”liləri? O qədər şəraitin və maaşın qarşılığında avrokuboklara vəsiqə bir tərəfə, Premyer Liqada “sürünən” “Sabah”ın futbolçularını? Futbol oynamaq istəyi ilə futbol təcrübəsi uzlaşmayan “Sumqayıt”lıları? Hansı birini?
Ötən il də bu gündəydi. Amma bir az şükürlüydü. Çünki 2019-da adını inamla çəkə biləcəyimiz 3-5 nəfər vardı – Qazaxıstanda parlaq legioner həyatı yaşayan Emil Balayevlə ilin ilk 5 ayında Rusiya Premyer Liqasında “Dinamo” forması ilə 8 oyunun həyəcanını hiss edən, payızda Nikola Yurçeviçli millidə meydanda ölməyə hazır olan Ramil Şeydayev, bir anda parlayan Bəhlul Mustafazadə. Hə, bir də ilboyu sabitliyi ilə seçilən Qara Qarayev, Mahir Emreli, Maksim Medvedev.
Builki durum fərqlidir. 2019-da legioner həyatı yaşayan milli üzvlərinin hər ikisi bu gün Azərbaycan çempionatında “can verir”. Yoxdurlar, rəsmən “sönüblər”. Xaricdə top qovan milli üzvləri arasında da “dişə vurulası” birini görmək mümkün deyil. Riçard Almeydanı BƏƏ-dən üstümüzə qaytardılar, Dmitri Nazarov Almaniyanın aşağı dəstəsində başını qatır, Pavel Paşayev Ukrayna çempionatında top-futbolçu sayılmır, Rüfət Dadaşov ABŞ-da həyatını yaşayır, Renat Dadaşovun “Qrashoppers”də nə işlə məşğul olduğu bilinmir, Eddi İsrafilova da Allah kömək olsun.
Hə, indi nə deyirsiz? İlin futbolçusu kim olacaq?
Bəlkə koronavirusla müharibəni bəhanə gətirib bu ilki ümummilli sorğunu ləğv edək? Biri var, bu boyda ölkədə "ilin ən yaxşısı" adına namizəd futbolçu olmadığı üçün sizə gülsünlər, biri də var ucuz bəhanə göstərdiyimiz üçün bizə. İkinci variant daha sərfəlidir. İnsanlar bu ölkədə düz-əməlli 3-5 futbolçunun olmadığına əmin ollmasınlar deyə...
HƏBİB