Offside Sport Media futbol üzrə Azərbaycan Birinci Divizionu ilə bağlı yazılarını davam etdirir. Bu dəfə aşağı dəstə təmsilçilərinin elitaya yüksəlməsində ortaya çıxan problemləri ümumiləşdirməyə çalışacağıq.

1992-2019-cu illərdə reqlamentə əsasən Birinci Diviziondan yüksək dəstəyə vəsiqə qazanan klubların ümumi sayı 54-dür. Onlardan cəmi 34-ü Premyer Liqada oynamağa nail olub. 

13

2011/12 mövsümündə Birinci Divizionun vitse-çempionu "Neftçala" Premyer Liqada 11-ci yeri tutan "Sumqayıt"la pley-off matçı keçirməli idi. Bu oyunla elitanın növbəti mövsümdəki son iştirakçısı müəyyənləşəcəkdi. Lakin "Neftçala" lisenziya ala bilmədiyindən bu qarşılaşma baş tutmayıb.

Yüksək dəstədə iştirakı reallaşmayan komandaların 6-sı bu hüquqdan imtina edib, 12-si isə AFFA-nın lisenziyalaşdırma tələblərini yerinə yetirə bilmədiyindən yarışdan kənarda qalıb.

YÜKSƏK DƏSTƏYƏ YÜKSƏLƏ BİLMƏYƏN DİVİZİON KLUBLARI

PFL-in klublar üçün güzəştləri

2017/18 mövsümündən etibarən Birinci Divizionda mübarizə aparmaq istəyən klublar dövlət və qeyri-dövlət təşkilatının adı göstərilən 2 iştirak ərizəsi, habelə bank zəmanət məktubu təqdim etməlidir. PFL-dən verilən məlumata görə, bank zəmanəti 300 min AZN təşkil edir. Klubun büdcə proqnozu, inkişaf konsepsiyası, istifadə olunacaq infrastrukturla bağlı məlumatlar təqdim etdiyi sənədlərdə öz əksini tapır. Bu şərtlərin tətbiq olunması Birinci Divizion klublarının çempionatı yarımçıq dayandırmamasına hesablanıb. Aşağı dəstə təmsilçiləri də daxil olmaqla, klublar PFL-ə üzvlük haqqından da azaddır.

2

Bu barədə qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev məlumat verib: “Birinci Divizion klubları üçün hər hansı üzvlük haqqından söhbət belə gedə bilməz. Yerli futbolçuların meydana daha çox çıxmasına şərait yaratmaq məqsədilə onlara görə də hər hansı rüsum təyin olunmayıb. Ölkəsinin milli komandasına çağırılmayan legioner futbolçu üçün 5000 AZN rüsum alınır. Milli komandaya dəvət alan legioner isə bundan azaddır. 2008-ci ilə qədər klublar futbolçulara görə üzvlük haqqı ödəyirdilər. Mayda bir sıra klublar heyətin yarıdan çoxunu dəyişdirirdi. Bu isə onların növbəti mövsüm stabil oynamasına mane olurdu. Qərara alındı ki, komanda futbolçuya görə birinci mövsüm 20 min AZN ödəsin. Həmin futbolçu klubda qalacağı təqdirdə, 2-ci mövsüm 10 min, 3-cü mövsüm 5 min AZN haqq müəyyənləşdirildi. Bu qayda klubları daha səviyyəli futbolçular gətirməyə vadar edir. Düşünürəm ki, tez-tez heyətin dəyişilməsi hər bir komandaya mənfi təsir edir”.

Müqayisə üçün qeyd edək ki, Rusiyanın Milli Futbol Liqasında Liqaya üzvlük haqqı 4 967 000 RR (133.233 AZN) təşkil edir. Türkiyədə isə UEFA-nın "Financial fair play" qaydaları PTT 1-ci liqa iştirakçılarına da şamil olunur. Klublar müxtəlif təyinatlı məqsədlərə (sığorta, üzvlük haqqı və s.) ümumilikdə 3000 TL-yə qədər vəsait (3000 TL 842 AZN-dir) ödəyirlər. Legioner futbolçular üçün rüsumlar ayrı ödənilir, legioner sayı artdıqca məbləğ də yüksəlir (məsələn, 1-ci legioner üçün 20 000 TL, 2-ci legioner üçün 40 000 TL, 3-cü legioner üçün 30 000 TL və s.) Futbolçuların transferi və menecerlik haqqı üçün ödənişlər bu məbləğə daxil deyil. 

Son 15 ildə 56 Premyer Liqa lisenziyası

Azərbaycada Birinci Divizion və Premyer Liqanın keçirilməsi və onlara nəzarət Peşəkar Futbol Liqasının (PFL) səlahiyyətləri çərçivəsinə daxil olsa da, lisenziyalaşdırma 2004-cü ildə təsis olunan AFFA-nın Lisenziyalaşdırma qrupu tərəfindən həyata keçirilir. Son illərdə lisenziya problemi bir sıra klubların əsas liqada oynamaq istəyini gözündə qoyub. 2004-19-cu illərin statistikasına görə, klublara 56 Premyer Liqa, 103 UEFA lisenziyası təqdim olunub. Cari mövsümdə 6 klub UEFA, 2 klub isə PL lisenziyası alıb. UEFA lisenziyasını əldə etmiş klublar avtomatik olaraq (Lisenziyalaşdırılması üzrə qaydaların 13-cü maddəsinə görə) PL lisenziyasını da əldə etmiş hesab olunur. 

3

Azərbaycanda klubların idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə əsas lisenziyalaşdırma meyarlarıdır. Yəni güclülər dəstəsində oynamağa iddialı klubun bir neçə yaş kateqoriyasında gənclər liqasında çıxış edən komandaları, futbolçularla peşəkar yazılı müqavilələri, onların tibbi müayinə nəticələri, ev oyunlarını keçirmək üçün stadionu, məşq bazası (açıq və örtülü), inzibati işləri həyata keçirmək üçün ofis binası, ixtisaslı menecerləri, hüquqi qrup strukturu və s. olmalıdır. Cari lisenziyalaşdırma qaydaları 2019-cu il 13 dekabrda qüvvəyə minib.

AFFA “yumşalmaq” fikrində deyil

AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Sərxan Hacıyev artıq bəzi klubların lisenziya üçün sənəd təqdim etdiyini bildirdi. Onun sözlərinə görə, divizion klublarına qaydalarda hər hansı güzəşt nəzərdə tutulmur. "Bildiyiniz kimi, 2019-cu ilin oktyabr ayından 2020/21 mövsümü üçün Lisenziyalaşdırma proseduruna start verilib. Hal-hazırda futbol klubları tərəfindən təqdim olunan sənədlərlə tanışlıq mərhələsi gedir, bu səbəblə üzləşən problemlərlə bağlı bir konkret söz demək çətindir. Yenə də hər il olduğu kimi, tərəfimizdən Maliyyə meyarı və Hüquq meyarlarına ciddi diqqət yetirilir.

Hal-hazırda Birinci Divizion klublarının Premyer Liqa Lisenziyasının əldə olunmasına dair şərtlərin dəyişdirilməsi nəzərdə tutulmayıb. AFFA olaraq, bizim üçün ən önəmli məsələ burada Premyer Liqaya Lisenziya əldə edəcək klubun maliyyə stabilliyindən əmin olmaqdır. Biz çalışırıq əmin olaq ki, Premyer Liqa Lisenziyası əldə etmiş klub, sonradan mövsümün yarısında hər-hansısa maliyyə sıxıntısı ilə əlaqədar çempionatı tərk etməsin, fasiləsiz davamiyyət olsun. Bir çox aspektlərdən bu xoşagəlməz haldır.

Klubların formalaşdırdığı büdcəyə gəlincə, lisenziyalaşdırma qaydalarında “Futbol klubunun minimum büdcəsi”nin nə qədər olması ilə bağlı hər-hansısa bir şərt yoxdur. Bu sual daha çox futbol klubların daxili siyasətinə aid olan məsələdir”.

4

Qaydaların yumşaldılması nəzərdən keçirilmədiyi bir vaxtda futbolçulara məvacib ödəməkdə çətinlik çəkən bəzi Birinci Divizion klublarının bu şərtlər altında lisenziya alması çətin vəzifə kimi görünür. Lisenziyalaşdırma kriteriyaları sırasında klubun maliyyə hesabatını ictimaiyyətə açıqlaması, borcların olmaması kimi məsələlər də mövcuddur. Reallıq budur ki, hazırda aşağı dəstədə çıxış edən bir sıra komandalar AFFA-nın maliyyə dəstəyi hesabına ayaqda qalmaqdadır.

Sənədləşmə məsələsində qeyri-leqal üsullara əl atılmaması üçün cəzalar da nəzərdə tutulub. Saxta sənəd təqdim olunduğu halda 10 min AZN məbləğində cərimə təyin olunur. Lisenziya verildikdən sonra sənədlərin saxta olduğu üzə çıxarsa, eyni miqdarda cərimə kəsilməklə yanaşı, klub növbəti mövsüm analoji prosedura qoşulmaq hüququndan məhrum olunur. AFFA-nın tətbiq etdiyi lisenziyalaşdırma qaydalarının beynəlxalq təcrübədə geniş yayıldığını da vurğulamaq lazımdır. Qonşu Rusiya, Gürcüstan, Ermənistanda da aşağı liqa klublarına eyni meyar və şərtlərlə lisenziya təqdim olunur.

Barıtı tez bitən “Abşeron”, Birinci Divizionla kifayətlənən MOİK

Premyer Liqada oynamaqdan rəsmən imtina edən son Birinci Divizion çempionu "Abşeron"dur. 2010/11 mövsümündə yarımada təmsilçisi gənc yerli oyunçularla mövsümü məğlubiyyətsiz başa vurmuş, 26 oyundan 72 xal toplamışdı. 23 oyunda qələbə qazanan, 75 qol vurub cəmi 6 top buraxan komandanı çoxları Premyer Liqada izləmək istəyirdi. Klub həmin mövsüm Azərbaycanın kubokunun ¼ final mərhələsinə qədər irəliləmiş və “İnter”ə iki oyunun nəticəsinə görə 0:1 hesabıyla uduzmaqla mübarizəni dayandırmışdı. "Abşeron"un sabiq prezidenti Yaşar Rüstəmov klubun himayədarını açıqlamaqdan hər zaman boyun qaçırırdı. Mediada klubun "Azərkimya" İB ilə müqavilə imzalayacağı və Sumqayıt şəhərini təmsil edəcəyi yazılırdı. Lakin sponsor axtarışları nəticə verməyən klub sonda Premyer Liqada iştirakdan imtina etdi. Həmin mövsüm Birinci Divizionda 7-ci olan “Sumqayıt Şəhər” Peşəkar Futbol Klubu bütün hüquqi sənədləri həll edərək yüksək dəstəyə yollandı. "Abşeron" isə 2011-ci il iyunun sonunda peşəkar fəaliyyətini rəsmən dayandırmalı oldu. 

14 2

Maliyyə problemlərinə görə güclülər dəstəsində oynamaqdan imtina edən komandalar da var. 2011-ci ildə “Muğan”, 2014-cü ildə “Araz-Naxçıvan”, 2015-ci ildə “Simurq” bu addımı atmışdı.

Birinci Divizionun son qalibi MOİK də lisenziya ala bilməyən klublar arasındadır. Sonuncu dəfə 2010/11 mövsümündə güclülər dəstəsində mübarizə aparan "hərbçilər" üçün 2016-cı ildə yenidən belə bir şans yaranmışdı. Turnir cədvəlində 4-cü olan "ordu klubu" hətta təklif olarsa belə, Premyer Liqada oynamaqdan imtina edəcəyini bildirmişdi. Rəhbərlik tələsik addım atmaq istəmədiyini, infrastruktur qurmaq niyyətində olduqlarını açıqlamışdı. Oxşar situasiya 2013-cü ildə də yaşanıb. Aşağı dəstədə 5-ci olan MOİK lisenziya almaqdan rəsmən imtina etmişdi. Müdafiə Nazirliyi tərəfindən maliyyələşən, büdcəsi əksərən 1 milyon manat müəyyənləşdirilən klubun Premyer Liqadakı statistikası da onun mükafata iddialı olmadığını göstərir.

İkiqat çempionun nakam taleyi

Lisenziya məsələsinə görə “Neftçala”nı güclülər dəstəsində izləməmək də təəssüf doğurur. Ardıcıl iki mövsüm (2014/15, 2015/16) Birinci Divizionun qalibi olmasına baxmayaraq, Premyer Liqaya buraxılmayan "Neftçala"nın sabiq idman direktoru Ramin İsmayılov klubun maliyyə çatışmazlığı ilə bağlı probleminin olmadığını qeyd edir.

"Lisenziya işləri ilə klubun prezidenti mərhum Vidadi Məmmədov özü məşğul olurdu. Buna görə AFFA Lisenziyalaşdırma qrupunun qərarını nə ilə əsaslandırması barədə məlumatım yoxdur. Amma Birinci Divizionda oynadığı vaxt klubun sponsorla bağlı problemi olmayıb. 2011-ci ilə qədər "Anşad Petrol MMC" kluba dəstək verirdi. Həmin vaxtdan sonra "SOCAR" klubu himayəsinə götürdü".

5

"Neftçala"nın lisenziya məsələsində "ilişməsində" SOCAR-la sponsorluq müqaviləsinin birbaşa rolu vardı. Əyalət təmsilçisi Birinci Divizionda ardıcıl ikinci dəfə çempion olduqdan sonra PFL tərəfindən buna işarə vurulmuşdu. Birinci Divizionun sosial şəbəkə hesabında klubun yalnız "SOCAR"dan ayrılaraq özünə yeni sponsor tapdığı halda Premyer Liqaya yüksələ biləcəyi haqqında məlumat yerləşdirilmişdi. Sponsor amilinin xüsusi qabardılması bəzi suallar doğurur. "Neftçala"nın sabiq baş məşqçisi Kamal Quliyevin 2018-ci ildə verdiyi müsahibədə səsləndirdiyi bir fikrə diqqət yetirək.

"Mənə bu işlərlə məşğul olmaq üçün adamların ayrıldığı, hər şeyin qaydasında getdiyi deyilirdi. Hətta bildirilmişdi ki, biz artıq növbəti mövsümdə Premyer Liqada çıxış edəcəyik. Bu kimi vədlər verilirdi. Amma sonda heç biri yerinə yetirilmədi. Düşünürəm ki, rəhbərlik hansısa səbəblərə görə Premyer Liqaya çıxmaq istəmədi. Ola bilər ki, rəhbərliyə kimlərsə tapşırıq verdi ki, yayının. Ya da rəhbərlik özü istəmədi. Çünki Premyer Liqaya yüksəlsək, komandaya daha çox maliyyə ayrılmalı, yeni oyunçular gətirilməli idi. Klub prezidentindən bu barədə soruşdum. Sualıma cavab isə belə oldu – “klub fəaliyyətini dayandırır, bizə belə tapşırıq verilib”  - K.Quliyev qeyd etmişdi.

“Bu sponsor ki var, bu, çox qəliz məsələdir”

2016/17 mövsümündə Birinci Divizionun qalibi olan "Turan Tovuz" da lisenziya səbəbindən yüksək dəstədən kənarda qalmışdı. Klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev həmin vaxt Premyer Liqada oynamağa hazır olmadıqlarını bildirdi. 

"Maliyyəmiz zəif idi, heç kim sponsorluq etmək istəmədi. İş adamları ilə görüşlərimiz oldu. Deyirdilər ki, pul yoxdur. Kluba AFFA maddi dəstək verirdi. Əlbəttə, ayrılan vəsaitin hara xərclənməsinə nəzarət var. Komanda kiminsə əlinə baxmamalıdır, özü də pul qazanmağa çalışmalıdır. Dövlət başçımız İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti olduğu vaxt, təxminən 2001-ci ildə "Neftçi"nin bazasına gəlmişdi. Baş məşqçisi Kazbek Tuayev ona yaxınlaşıb kluba maliyyə köməkliyi göstərilməsini xahiş etdi. İlham Əliyev dedi, həll edərik. Amma çalışın ki, özünüz maddi cəhətdən asılı olmayasınız”.

6

Birinci Divizionda əvəzedicilər istisna olmaqla, digər klublara federasiya tərəfindən hər mövsüm 10-12 min manat yardım ayrılır ki, bu da ambisiyalı olmaq üçün kifayət etmir. "Qaradağ Lökbatan", "Zaqatala", "Turan Tovuz"a SOCAR-dan birbaşa və dolayı yolla gələn məhdud maliyyə ilə nə stadionu müasir tələblərə uyğunlaşdırmaq, nə də digər infrastruktur obyektləri yeniləmək mümkündür. Bəzi futbol adamları bu vəziyyətdə klublardan birini qurban verməyi təklif edir. Başqa sözlə, oyunlara azarkeş cəlb etmək potensialı ən az olan komandaya ayrılan ianəni "futbola ac", pis-yaxşı infrastrukturu olan bölgə təmsilçilərinə yönəltməyi. Başqa bir variant da var. AFFA-nın sponsorsuz qalan klublara yardım büdcəsini artırması. Mövcud şəraitdə bunu etmək isə federasiya üçün optimal yol deyil.

Oqtay Abdullayev  Birinci Divizion iştirakçıları üçün xarakterik olan sponsorluq problemi barədə aşağıdakı təklifləri səsləndirdi.

“Hər şeyi AFFA-dan gözləmək də düzgün çıxmır. Bildiyimə görə, Türkiyədə klub sponsorlarına vergidə müəyyən güzəştlər var. Bizdə sponsor kluba ancaq pul yatırır, özü qarşılıq görə bilmir. Onların müflisləşməsi isə klubun da mövcudluğunu təhlükə altında qoyur. Tək ümid qalır oyunçu yetişdirib xaricə satmağa. Son vaxtlar maliyyə çatışmazlığından əziyyət çəkən komandalar maraqlı yol tapıblar. Klub səhmləri xırda hissələrlə satışa çıxarılır. Azarkeşlər bunları alıb ona dəstək olurlar. Çox gözəl metoddur. Amma bu məsələni yeni mövsümə hazırlıq dövründə nəzərdən keçirmək lazımdır. "Turan Tovuz" Premyer Liqaya çıxa bilsə, nələr edəcəyimizi görəcəksiniz".

Mübarizəni mənasız hesab edən Bakı klubu

Birinci Divizionda 2017/18 mövsümünün çempionu "Xəzər"in sabiq Sosial Media və Marketinq meneceri Rəhim Əliyev komandanın Premyer Liqaya buraxılmamasını haqsızlıq kimi qiymətləndirir.

11

"Xəzər" 2017-ci ildə təsis olunmuşdu. Məqsəd gənc komanda qurmaq, Premyer Liqaya vəsiqə qazanmaq və gələcəkdə Azərbaycanı Avrokuboklarda təmsil etmək idi. Əvvəl mərhələli inkişaf düşünürdük. Müəyyən müddət aşağı dəstədə oynamaq planımız var idi. Mövsümün gedişində klubun funksionerləri gördülər ki, Birinci Divizondakı vəziyyət Premyer Liqaya daha rahat vəsiqə qazanmaq imkanı verir. İkinci yarımildə komandanın büdcəsi təxminən 500 min manata çatdırıldı, heyət gücləndirildi. "Xəzər" qış fasiləsindən sonra, ardıcıl qələbələr qazandı və Birinci Divizionda çempion oldu. Reqlamentə görə, növbəti mövsüm Premyer Liqada mübarizə aparmalıydıq. Mart ayından lisenziyalaşdırmanın tələblərinə uyğun sənədlərin toplanmasına başlandı. Apreldə cavab gəldi ki, klub yüksək dəstəyə buraxılmayacaq. Lisenziya verilməməsinə səbəb kimi bank zəmanət məktubunun olmamasını göstərmişdilər. Dəqiq xatırlamıram, amma klubda lisenziya məsələsi ilə məşğul olanlar sənədlərin tam qaydasında olduğunu bildirirdi. Ən yaxşı imkanlar, nəticələr də bizdə idi. Mövsümdə 3 dəfə məğlub etdiyimiz, turnir cəvdəlini 5-cı sırada tamamlayan bir komanda (red. "Sabah") bizim əvəzimizə Premyer Liqaya gətirildi. Bundan sonra rəhbərlik davam etməyi mənasız saydı və klub dağıldı.

Məlum olduğu kimi, Birinci Divizionda azarkeş baxımından durum ürəkaçan deyil. "Xəzər" mövsümün birinci yarısında ev oyunlarını Şüvəlandakı "AZAL Arena"da keçirirdi. Həmin vaxt yerli adamlardan stadiona gəlib oyunlara baxan olurdu. İkinci yarımildə indi "ASK Arena" adlanan stadiona köçdük. Orda konkret azarkeşimiz yox idi. Amma tanışlar, oyunlarımızın vaxtından xəbər tutan az sayda insanlar gəlirdi".

Dövlət qol qoymasa, düzələn deyil

Klubların infrastruktur formalaşdırması, peşəkar kadrlar yetişdirməsi, iddialı komanda qurulması və s. işlərin reallığa çevrilməsi bilavasitə maliyyə imkanlarına bağlıdır. Pul sıxıntısı çəkməyən klub, təbii ki, lisenziya üçün tələb olunan şərtləri yerinə yetirməyə qadirdir. “Bakı” klubunun sabiq icraçı direktoru Yaşar Seyidov maddiyyatın həllinə ən üst səviyyələrdə başlamağı məqsədəuyğun hesab edir:

7

 

“Digər ölkələrin təcrübəsinə baxmaq lazımdır. Mütləq dövlət dəstəyi olmalıdır. Mövqeyim budur ki, futbolun inkişafına dair növbəti dövlət proqramı qəbul edilməlidir. Dövlət dəstəyi olmadan, sahibkarları futbol biznesinə cəlb etmədən qlobal dəyişikliklərə nail olmaq çətindir. Bölgə futboluna aid sahibkarlar üçün stimullaşdırıcı paketlər təqdim olunmalı, böyük layihələr hazırlanmalıdır. Bu layihələr üzərində AFFA, Gənclər və İdman Nazirliyi, biznes strukturları işləməlidir. Bilirsiniz ki, Prezidentimiz də idmanı çox sevir və dəstəkləyir. Sadəcə yaxşı bir təkliflə ona çıxmaq lazımdır. Premyer Liqa, Birinci Divizion, Region Liqasından heç kim təklif irəli sürmür axı. Elə bir klub rəhbəri görümüsüz ki, yeni ideya irəli sürsün? Bir neçə il öncə təkliflə hökumətə müraciət etmişdim. "Bakı"nın futbol akademiyası ilə bağlı nə qədər layihələr həyata keçirdik. Akademiyamız Azərbaycan futboluna Mahir Mədətov (Emreli), Rəhman Hacıyev, Namiq Ələsgərov, Vüqar Bəybalayev, Vüqar Mustafayev, Vadim Abdullayev kimi oyunçular bəxş etdi. Klubların akademiyası olmasa, ciddi nəticələr gözləmək olmaz.

Birinci Divizionda çempionluq mübarizəsi aparacaq komanda qurmaq üçün 1 milyon manat büdcə lazımdır. Komandadan çox, orda infrastruktura pul ayrılmalıdır. Hər şeyi AFFA-nın üstün yıxmağın da tərəfdarı deyiləm. Etiraf edək ki, federasiya klublara maddi baxımından köməklik edir. Buna görə düşünürəm ki, yerli iş adamlarını futbola cəlb edəcək layihələr hazırlamaq lazımdır".

Aşağı dəstə və uşaq futbolu münasibətləri

AFFA Məşqçilər Komitəsinin üzvü, tanınmış mütəxəssis Ağasəlim Mircavadov lisenziyalaşdırmanın Birinci Divizion klublarına maneə kimi deyil, onların inkişafına yönəlmiş proses kimi qəbul olunmasına tərəfdardır: "Premyer Liqaya yüksəlmək istəyən klub uşaq-futbol məktəbləri və infrastruktura malik olmalıdır. Tək komanda saxlamaqla iş bitmir, qarşıya məqsədlər qoymaq lazımdır. İlk növbədə, klubda uşaq futbolunun inkişafı üçün zəruri şərait yaradılmalıdır. Şərait isə maliyyənin üzərində durur.

Məşqçilər Komitəsində apardığımız təhlil göstərdi ki, Birinci Diviziondan nadir hallarda milli komanda və yüksək dəstə klubları üçün futbolçu yetişir. Məşq prosesi, məşqçilər əsas amillər sırasındadır.

Bu yaxınlarda U-19 komandamız Antalyada təlim məşq toplanışı çərçivəsində "Antalyaspor"un əvəzedici komandası ilə qarşılaşdı. Türkiyədə aşağı liqa klublarının gənc futbolçular yetişdirmə təcrübəsi ilə tanış oldum. Ola bilsin, gələcəkdə biz də həmin təcrübədən istifadə etdik. Premyer Liqa və Birinci Divizion arasında səviyyə fərqini azaltmağa çalışmalıyıq".

8

A.Mircavadovun bəhs etdiyi həmin təcrübə qardaş ölkədə öz bəhrəsini verməkdədir.

Onun mahiyyəti bundan ibarətdir ki, Türkiyənin Birinci Divizionu və digər aşağı liqalarda klubları gənc futbolçu yetişdirməyə həvəsləndirmək üçün mükafatlar nəzərdə tutulub. Federasiya tərəfindən bu sistemə riayət edən aşağı liqa təmsilçilərinə 2 milyon TL (təxminən 562 min AZN) ayrılır. Ödəniləcək məbləğin həcmini müəyyən etmək məqsədilə hər klub üçün qiymətləndirmə aparılır. Komandanın start heyətinə düşən 12-15 yaşlı hər futbolçu üçün 4, sonradan oyuna daxil olanlar üçün 2 ball verilir. İştirak ərizəsinə salınan hər gənc oyunçu 1 balla qiymətləndirilir. Bu futbolçular mövsüm ərzində oynadığı və klubda qaldığı halda balllar ikiyə vurulur. Mövsümün sonunda mükafata fondu yekun xallara bölünür və kluba təqdim olunur. Azərbaycanda lisenziya iddiaçısı klublardan Türkiyədəkinə oxşar “Gənclər futbolunun inkişafı proqramı” tələb olunur. Bu proqramı həyata keçirilməsi və keyfiyyətinin qiymətləndirilməsi AFFA-nın əməkdaşları tərəfindən həyata keçirilir. Görünən budur ki, həmin mexanizm hələlik lazımi effekti vermir.

9

Birinci Divizionunda (A Divizionu) Azərbaycandakı kimi 14 klubun mübarizə apardığı Moldovada gənc futbolçuların hazırlanmasına xüsusi proqram həsr olunub.  Gənc mütəxəssis, “Zimbru” klubunun texniki direktoru Vladimir Aqa mövzu ilə bağlı bunları dedi: "Moldova Futbol Federasiyası 2016-2026-cı illərdə elit uşaq futbolunun inkişaf strategiyasını qəbul edib. "Noi" (red. Biz) adlanan bu layihə gənc futbolçuların yetişdirilməsi üzrə klubların öhdəsinə düşən prinsipləri əhatə edir. Klubların lisenziya alması üçün tələblərdən biri uşaq futboludur. Hər klub ən azı 7 yaş qrupunda komanda ilə təmsil olunmalıdır. Federasiya gənc futbolçuların yetişməsinə görə klublara maliyyə dəstəyi göstərir. Məşqçilərə də stimul kimi bundan pay düşür. Çalışdığım "Zimbru"da  bu istiqamətdə məşq strukturu və metodologiya hazırlanıb. İnkişaf proqramında yeniliklər tətbiq olunur. Digər klublar kimi, "Zimbru"nun da futbol akademiyası fəaliyyət göstərir. Bura illik təminən 50 min dollar xərclənir".

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla isə gələcəkdə lisenziyalaşdırma qaydalarında Birinci Divizion klublarına güzəşt qapısını tam bağlamayıb. Onun sözlərinə görə, bu məsələ növbəti dəfə İcraiyyə Komitəsinin toplantısının gündəliyinə salına bilər.

10

Birinci Divizionda zamanın acı təcrübəsi sübut edir ki, problemi tək lisenziyalaşdırma şərtlərini sadələşdirmək və ya AFFA tərəfindən klublara maddi dəstəyi artırmaqla həll etmək qəliz məsələdir. Lisenziyalaşdırma olmadığı vaxtlar da yüksək dəstədən imtina edən və dağılan klublar kifayət qədərdir. Yaşar Seyidovun da qeyd etdiyi kimi, Azərbaycanda futbolun inkişafı üzrə yeni dövlət proqramına ehtiyac var. Proqramın effekt verməsi üçün onun icrasına ciddi nəzarət olmalı, məsuliyyət payının müəyyənləşdirilməsi düzgün aparılmalıdır. Dövlət proqramında uşaq futbolunun inkişaf konsepsiyasına diqqət ayrılsa, futbol akademiyalarının artırılmasına dəstək verilsə, aşağı dəstə klubları da bundan fayda görər. Oyunçu yetişdirib satmaqla maddi ehtiyaclarını müəyyən qədər ödəyə bilərlər. Birinci Divizion və Premyer Liqa arasında uçurum nə qədər kiçik olarsa, rəqabət də artar. Bu isə Azərbaycanın futbol reytinqinin yüksəlməsinə müsbət təsir göstərə bilər.