OFFSİDE millimizin məşqçiləri haqqında silsilə yazılarını davam etdirir. Bu dəfə millinin sükanı arxasında olmuş yerli və əcnəbi mütəxəssislər, onların qazandığı nəticələr, beynəlxalq turnirlərin təsnifat mərhələlərindəki statistik göstəriciləri haqqında məlumat veriləcək.
Yığmanın məşqçilərindən 11-i yerli, beşi əcnəbilərdən ibarətdir. Yerli mütəxəsislərdən beşi yalnız baş məşqçi (Ələkbər Məmmədov, Əhməd Ələsgərov, İqor Panomaryov, Şahin Diniyev, Qurban Qurbanov), ikisi yalnız müvəqqəti məşqçi (Mahmud Qurbanov, Nazim Süleymanov) qismində texniki zonada yer alıb. Əcnəbi məşqçilərdən təkcə Gyoko Haciyevski müvəqqəti olaraq milliyə rəhbərlik edib. O, həm də bu postda qalibiyyət sevinci yaşamayan yeganə əcnəbi mütəxəsisdir.
Millidə “Made in Azerbaijan” nişanı
Millinin ilk baş məşqçisi Azərbaycan futbolunun ən tanınmış simalarından olan Ələkbər Məmmədovdur. Yenicə formalaşan komanda onun 10 aylıq (1992-93) məşqçilik dönəmində 5 oyuna çıxıb. Həmin vaxt Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) beynəlxalq futbol təşkilatları tərəfindən tanınmadığı üçün millimiz DÇ-1994-ün təsnifat mərhələsindən kənarda qalmışdı.
Milli ilk rəsmi oyununa da yerli mütəxəsis - Ağasəlim Mircavadovun rəhbərliyi altında çıxıb. Komanda Buxarest səfərində Rumıniya futbolunun "qızıl nəsli"nə 3 cavabsız qolla uduzub. UEFA-nın tələbinə əsasən, millimiz AVRO-1996 seçmə mərhələsində ev oyunlarını Trabzon şəhərinin Hüseyin Avni Aker arenasında keçirib. Millinin sayca üçüncü baş məşqçisi, növbəti yerli çalışdırıcı Kazbek Tuayev isə rəsmi oyunlarda ilk xal və qələbə qazanan mütəxəsis kimi adını tarixə yazdırıb.
Rəsmi oyunlarda ilk səfər qələbəsi əcnəbi mütəxəsis Berti Foqtsun aktivindədir. Onun yetirmələri 2009-cu ildə Lixtenşteyni Vadutsda 2:0 hesabıyla məğlub etməyə nail olmuşdular.
Rəsmi oyunlarda ilk səfər qolu.
AVRO-1996 seçmə mərhələ (29.03.1995). Koşitse, "Vsesportovy areal". Slovakiya 4-1 Azərbaycan.
QOL: Nazim Süleymanov pen.80`
Baş məşqçi: Ağasəlim Mircavadov
Rəsmi ev oyununda ilk qol.
AVRO-1996 seçmə mərhələ (26.04.1995). Trabzon, Hüseyin Avni Aker. Azərbaycan 1-4 Rumıniya.
QOL: Nazim Süleymanov 35`
Baş məşqçi: Ağasəlim Mircavadov
Bakıdakı rəsmi oyunlarda ilk qol
DÇ-1998 seçmə mərhələ (31.08.1996). Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Azərbaycan 1-0 İsveçrə
QOL: Vidadi Rzayev 26`
Baş məşqçi: Kazbek Tuayev
Rəsmi oyunlarda ilk səfər xalı qazandıran qollar
AVRO-2004 seçmə mərhələ (12.02.2003). Podqoritsa, Podqorista şəhər stadionu. Serbiya və Çernoqoriya 2-2 Azərbaycan
QOLLAR: Qurban Qurbanov 58`, 78`
Baş məşqçi: Əsgər Abdullayev
Milli əcnəbilər, əliboş qayıdan qonaqlar...
Milli komandamızı indiyə qədər 2 xorvatiyalı (R.Prosineçki, N.Yurçeviç), 1 braziliyalı (K.A.Torres),1 alman (B.Foqts) və 1 şimali makedoniyalı (G.Haciyevski) məşqçi çalışdırıb. Karlos Alberto Torres (2004-05) millinin tarixində ilk əcnəbi məşqçidir. Bu statusda olan mütəxəsislərdən yığmaya ən az qələbə qazandıranlar Gyoko Haciyevski (0), Nikola Yurçeviç (0) və Karlos Alberto Torresdir (2). Braziliyalı çalışdırıcının 2 qalibiyyəti (Qazaxıstan 3-2 Azərbaycan; Azərbaycan 3-1 Özbəkistan) yoldaşlıq görüşlərinə təsadüf etdiyindən rəsmi oyunlarda isə hər üç mütəxəsisin qələbə xanası önündə sıfır var. Berti Foqts və Robert Prosineçki həm çalışma müddətinə, həm də qazanılan nəticələrə görə digər əcnəbi həmkarlarını geridə qoyur. Ümumi qələbə faizi: Gyoko Haciyevski -0, Nikola Yurçeviç -10, Karlos Alberto Torres - 11.11, Berti Foqts – 21.13, Robert Prosineçki – 25.
Yerli və əcnəbi məşqçilərin fəaliyyət icmalı
Vaqif Sadıqov və Berti Foqts öndə
Azərbaycan millisi 1992-2019-cu illərdə 257 dəfə meydana çıxıb. Bu oyunların 48-i qələbə, 68-i heç-heçə, 141-i məğlubiyyətlə başa çatıb. Qələbələrin 24-ü yerli, 24-ü isə əcnəbi mütəxəsislərin payına düşür. Ən çox qələbə sevinci yaşayan yerli mütəxəsis Vaqif Sadıqov (7), əcnəbi isə Berti Foqtsdur (15). Millinin meydandan məğlub ayrıldığı oyunların 75-i yerli, 66-i isə əcnəbi məşqçilərin passivindədir. Bu göstəriciyə əsasən yenə Vaqif Sadıqov (19) və Berti Foqts (34) "lider"dir. Rəsmi oyunlarda isə millimizin qalibiyyət sayı 15-dir (7 yerli , 8 əcnəbi). Qurban Qurbanov 2 qələbə ilə yerli məşqçilər arasında birincidir. Berti Foqts və Robert Prosineçki millimizin sükanı arxasında hərəyə 4 rəsmi matçı qalib başa vurub.
Heç-heçə yekunlaşan oyunların 36-da əcnəbi, 32-də yerli məşqçilər iş başında olub. Sülh bağlamağı sevən mütəxəsislərin siyahısında da Vaqif Sadıqov (8) və Berti Foqtsu (22) ön sırada görmək mümkündür. Rəsmi oyunlarda milli komanda 25 dəfə heç-heçə edib ki, bunların 9-da qolsuz bərabərlik qeydə alınıb. UEFA və FİFA bayrağı altında keçirilməyən oyunların 21-də hesab açılmayıb.
Azərbaycan millisinin ən məhsuldar heç-heçəsi Qazaxıstanın U-21 komandası və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı görüşdə qeydə alınıb:
ECO Kuboku BT (08.06.1993). Tehran, Azadi stadionu. Qazaxıstan (U-21) 3-3 Azərbaycan. (Baş məşqçi: Ə.Məmmədov)
Yoldaşlıq oyunu (14.12.2003). Dubay, Əl-Məktum stadionu. BƏƏ 3-3 Azərbaycan. (Baş məşqçi: Ə.Abdullayev)
Rəsmi oyunlarda ən məhsuldar bərabərlik
AVRO-2004 seçmə mərhələ (12.02.2003). Serbiya və Çernoqoriya 2-2 Azərbaycan
AVRO-2016 seçmə mərhələ (06.09.2015). Malta, Ta Qali Milli stadionu. Malta 2-2 Azərbaycan
Qollar: R.Əmirquliyev 36`, 80`
Qeyd edək ki, milli karyerasında heç-heçə olmayan yeganə baş məşqçi Ağasəlim Mircavadovdur.
Barmaqla sayılacaq qədər qələbə və məğlubiyyətsizlik seriyası
Azərbaycan millisinin ardıcıl qələbə seriyası 3-dən artıq deyil. Analoji göstərici Ə. Məmmədov və B.Foqtsun aktivindədir. Ə.Məmmədovun yetirmələri Gürcüstan (1-0), Tacikistan (2-0) və Qırğızıstan (3-2) üzərində ardıcıl qələbələr qazanmışdı.
B.Foqtsun rəhbərliyi altında isə milli ardıcıl olaraq Çexiya (2-0), İordaniya (2-0) və Lüksemburqa (2-1) qalib gəlmişdi. Alman çalışdırıcı ardıcıl 3 rəsmi oyunda (İsrail, Şimali İrlandiya, Rusiya) uduzmamaqla da rekord müəyyənləşdirib. 2 ardıcıl qələbəsi olan V.Sadıqov və əcnəbilər K.A.Torres, R.Prosineçkini də qeyd etmək olar. V.Sadıqov eyni ildə 2 dəfə uğurlu seriya yaxalaması ilə də seçilir. Braziliyalı K.A.Torres Qazaxıstan (3-2) və Özbəkistanla (3-1) oyunlardan qələbə ilə ayrılmışdı. Onun xələfi R.Prosineçki ardıcıl 2 rəsmi oyunda azarkeşləri sevindirib: San Marino 0-1 Azərbaycan (DÇ-2018 seçmə oyunu), Azərbaycan 1-0 Norveç (DÇ-2018 seçmə oyunu). Xorvatiyalı mütəxəsis, hələlik ardıcıl 2 rəsmi oyunda qalibiyyət əldə etmiş yeganə məşqçimizdir.
Məğlubiyyətsizlik seriyasına görə yerli mütəxəsislər – V.Sadıqov və Q.Qurbanov daha yaxşı statistikaya malikdir. V.Sadıqov 1998-ci ildə 6, 2002-ci ildə 5 ardıcıl oyunda yenilgi almamışdı. Əcnəbi məşqçilərdən ən uzun məğlubiyyətsizliyə B.Foqts nail olub.
Vurulan qollar və məhsuldarlıq
Millinin rəqib qapılarından keçirdiyi qolların ümumi sayı 193-ə bərabərdir. Bunların 101-i əcnəbi, 92-si yerli mütəxəsislərin iş başında olduqları oyunlarda vurulub. Ən çox məyus edilən rəqiblər Özbəkistan (11), Qazaxıstan, Malta (9), Lixtenşteyn, Farer Adaları, Bəhreyn (8) və Qırğızıstandır (7).
Ən məhsuldar yerli məşqçilərdən V.Sadıqov (17), Q.Qurbanov (14), Ə.Məmmədov (12), Ş.Diniyevi (12) qeyd etmək olar.
Rəsmi oyunlarda Q.Qurbanov - 7, Ş.Diniyev - 7, Ə.Ələsgərov - 5, Ə. Abdullayev- 5 qol vurulan statistikasına malikdir.
Əcnəbi məşqçilər arasında B.Foqts (56), R.Prosineçki (24), K.A.Torresi (12) məhsuldarlıq baxımından ilk 3 sırada göstərmək olar. Rəsmi oyunlarda vurulan qollara görə sıralama: B.Foqts - 23, R.Prosineçki - 16, N. Yurçeviç - 5, K.A.Torres - 1, Gyoko Haciyevski -1.
28 il ərzində 436 qol
Milli tarixi boyu qapısından 436 qol buraxıb. Bunların 233-ü yerli, 203-ü isə əcnəbi məşqçilərin dönəminə təsadüf edir. Qapımıza ən çox yol tapan komandalar Almaniya (24), Polşa (20), Slovakiya (19), Macarıstan, Portuqaliya (17), Uels, Finlandiya (15), Serbiya, Makedoniya (14), Malta (13), Qazaxıstandır (13).
Yerli məşqçilərdən Vaqif Sadıqov 46, Şahin Diniyev 36, Ağasəlim Mircavadov 34 buraxılan qolla öndədir.
Əcnəbi mütəxəssislərdən Berti Foqtsun komandası 104, R.Prosineçkinin 40, K.A.Torresin isə 36 qol buraxıb.
Rekord 10 xal, ən yaxşı 4-cü yer
Dünya çempionatlarının təsnifat mərhələlərində ən yaxşı nəticələri əcnəbi məşqçilər - B.Foqts və R.Prosineçki göstərib. Ən pis nəticə də əcnəbi baş məşqçiyə məxsusdur. Karlos Alberto Torres DÇ-2006-nın seçmə mərhələsinin son 3 oyununda iş başında olmasa da, milliyə cəmi 2 xal qazandırmağa nail olmuşdu. Həmin tsikl Azərbaycan yığmasının qələbə qazana bilmədiyi yeganə DÇ təsnifat mərhələsidir.
Seçmə mərhələnin qruplarında milliyə ən çox xal qazandıran yerli mütəxəsis İ.Panomaryovdur (DÇ-2002 TM, 5 xal).
Dünya çempionatlarının seçmə mərhələlərində məşqçilərin müxtəlif statistik göstəriciləri:
ardı var...