Bakıda keçiriləcək dünya çempionatında Hidayət Heydərov 73 kq çəki dərəcəsində çıxış edəcək. Olimpiya çempionu iki yarışda çəki sala bilmədiyi üçün Cüdo Federasiyası onu cəzalandırıb.
Olimpiya çempionu cəzalanıb. Qulağa təzadlı gəlmirmi? Gəlir. Olimpiya çempionu intizamı ilı hər kəsə örnək olmalı olduğu təqdirdə federasiyanın cəzasına məruz qalır.
Bir çox idmanlarda olduğu kimi yerli idmançılarımızın cüdoda da sabitliyi yoxdur. Kim uğur qazanandan sonra özünü itirir, kim də qazanmamış. Düzdür, çəki salmaq çətin məsələdir. Amma Hidayət Heydərov kimi cüdoçunun qarşısına belə hədəf qoyulubsa, nəyin bahasına olursa olsun, yerinə yetirməlidir. O edə biləcəyinin ən çətinini edib - olimpiya çempionu olaraq xalqın sevimlisinə çevrilib. İndi daha çətini bu sevgini qorumaqdır. Amma intizamsız olsa, hər dəfə bu formada cəzalansa, çətin.
Elit səviyyədə cüdoçunun ardıcıl iki yarışda çəki sala bilməməyi fiaskodur. Olimpiya çempionu olmağın, qarşına qoyulanlardan yayınmağa şərait yaratmamalıdır. Azarkeşlər idmançını tək nəticəyə görə deyil, xarakterinə, nizam-intizamına görə sevir. Bu peşəkar hazırlığının aşağı səviyyədə olmasından başqa heç nəyə oxşamır. İki yarışda çəki sala bilməmək isə təsadüf yox, intizamsızlıqdır.
Ümid edək ki, Hidayət bu dəfə də tatamiyə çıxaraq özünü göstərə biləcək. Onun istedadına şübhəmiz yoxdur. Amma bu səviyyədə idmançılar peşəkarlığın bütün detallarında nümunəvi olmadırlar.


