“Qələbə qazanmaq həmişə xoşdur”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev deyib.

O, futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Kəpəz"ə (1:0) qarşı keçirdikləri matç haqqında danışıb: “Kubokda ilk oyunumuzda qalib gəldik, ancaq hələ cavab oyunumuz var. Bu baxımdan şansların bərabər olduğunu deyə bilərik. Belə qələbələr çempionat oyunlarına daha yaxşı hazırlaşmağa motivasiya verir.

“Kəpəz”lə oyunumuz çempionatda hansı yerdə olmağımızdan asılı deyil. Bu qarşılaşma hər iki komanda üçün önəmlidir. “Qarabağ”la ağır oyundan sonra bu matça hazırlaşmaq çətin oldu. Əsas istəyimiz qol buraxmadan qələbə qazanmaq idi. Şükürlər olsun ki, bunu bacardıq. İkinci oyun səfərdə olacağı üçün daha çətin olacaq".

Əliyev bildirib ki, qarşıda Tovuz təmsilçisini ağır oyunlar gözləyir:

“Qrafik çox gərgindir. Çalışacağıq ki, həm çempionatda xal toplayaq, həm də kubokda yuxarı pillələrə yüksələk.

Ayın 9-da “Karvan-Yevlax”la çətin oyunumuz var. Rəqib ikinci dövrədə xallar itirib. Buna görə də son pillələrdən qurtulmaq üçün ən yaxşı oyunlarından birini göstərməyə çalışacaqlar. Biz də bu oyuna daha yaxşı hazırlaşıb maksimum nəticə qazanmaq istəyirik”.

Qeyd edək ki, 30 xalı olan “Turan Tovuz” turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.