“Zirə” ilə oyun komandamız üçün çox vacibdir”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında “Sumqayıt” klubunun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev deyib.

O, Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçiriləcək “Zirə” ilə matç barədə danışıb:

“Bu, avrokuboklara gedən yolda ən vacib oyunlardan biridir. Yarımfinala yüksəlmək uğrunda əsas rəqibimiz ‘Zirə"dir. Komanda oyuna yaxşı hazırlaşıb. Heyətdə Emil Mustafayev zədəlidir. O, ‘Karvan-Yevlax’la oyunda da meydana çıxmamışdı. Çox güman ki, bu matçda da iştirak etməyəcək. Digər futbolçularla bağlı hər şey qaydasındadır”.

Klub rəsmisi transfer məsələsinə də münasibət bildirib:

“Yeni transfer hər zaman gözlənilir. Bildiyiniz kimi, azad agent statusunda olan oyunçuları istənilən vaxt sifariş etmək mümkündür. Lakin hazırda konkret mövqe və ya gündəmdə olan ad yoxdur”.

Qeyd edək ki, görüş fevralın 4-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Matç saat 17:00-da başlayacaq.