Türkiyə Super Liqasında XXVIII turun "Qalatasaray" - "Qaziantep" matçının sonları maraqlı alınıb.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin qapıçısı Okan Kocuk topu uzun müddət - 6 saniyədən çox əlində saxladığı üçün baş hakim Alper Ulusoy sərbəst zərbə təyin edib. "Qaziantep" bundan sonra penalti qazanıb. 90+15-də vurulan bu qoldan sonra qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim qərarın düzgün olmadığını bildirib: "2 həftədir xoş olmayan hadisələrlə qarşılaşırıq. Oyunçular çalışır, əziyyət çəkirlər və belə qərarlarla üzləşirik. Bu qaydaya görə sonuncu dəfə nə vaxt sərbəst zərbə təyin edilib, bilmirəm. Maraqlıdır! Top qapıçımızın əlindədir, futbolçu onun üzərinə gəlir və narahat edir. VAR hakimi Cüneyt Çakır da oyunu içəridən izləyir. Artıq elə bir vəziyyətə gəlmişik ki, klubun açıqlama verərək hadisəni qınamasının da mənası yoxdur. Ən çox qışqıran haqlı olur".
Qeyd edək ki, "BeIN Sports" kanalı "Qalatasaray"ın qapıçısı Okan Kocuk topu 18 saniyə özündə saxladığını hesablayıb.
Qeyd edək ki, 6 saniyə qaydası 1998-ci ildə FIFA tərəfindən qəbul edilib. Məqsəd qapıçıların topu əllərində saxlayaraq vaxt keçirməsinin qarşısını almaqdır. Qolkiper 6 saniyə ərzində topu oyuna daxil etməsə, sərbəst zərbə təyin edilir.