İtaliya Avtomobil Klubunun prezidenti Angelo Stiççi ölkəsinin "Formula 1" üzrə Azərbaycan Qran-prisini əvəzləməsini təklif edib. 

Offsideplus.az "F1only.fr" saytına istinadən xəbər verir ki, dünya çempionatının kommersiya hüquqlarına sahib olan "Liberty Media" şirkəti sentyabrda Azərbaycanda Qran-pri təşkil etmək istəsə də, yarışın keçiriləcəyinə qəti təminat yoxdur. Həm Bakıda infrastrukturu qurmaq üçün müəyyən vaxt lazımdır, həm də Azərbaycan tərəfi yarışı azarkeşsiz keçirmək fikrində deyil. 

İtaliya variantı reallaşarsa, 6 sentyabrda ilk, 13 sentyabrda isə ikinci Qran-pri olacaq. 

Qeyd edək ki, "Formula 1"də 2020 mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi. Report