Olimpiya Oyunlarının rəsmi açılışından sonra ikinci gün demək olar ki, Azərbaycan azarkeşi üçün başa çatdı. Axşam seansında yalnız boks üzrə millinin üzvü Alfonso Dominqes 1/8 final görüşünə çıxacaq. Dünənki nəticələri də uğursuz adlandırmaq olar. Belə ki, cüdoçular Leyla Əliyeva (48 kq) və Balabəy Ağayev (60 kq) ilk döyüşlərində məğlub olaraq mübarizəni dayandırıblar. Həmçinin badmintonçu Keişa Fatima Zəhra Çin idmançısı He Bin Çzyao ilə bacarmayıb – 0:2. Düzdür, adıçəkilən idmançı qrup mərhələsində mübarizə aparsa da, onun şansları olduqca aşağıdır. Parisə ilk lisenziyanı qazananlardan Ruslan Lunyov da 10 metrlik məsafəyə atəş açmada turniri medalsız başa vurdu. Bu gün daha 3 idmançımız mübarizəyə qoşulur. Yuxarıda qeyd etdiyim kimi, axşam saatlarında Dominqes rinqə çıxacaq. Səhər seansındakı nəticələr isə ürəkaçan olmadı. Belə ki, yarışda iştirak edən üçüncü cüdoçumuz Yaşar Nəcəfov startdə yarışla vidalaşdı. Azərbaycanın bayraqdarlarından olan Gültac Məmmədəliyeva da Yaşarla eyni taleyi yaşadı.
Düzdür, nəticələrə sonda qiymət veriləcək. Fəqət, gözəçarpacaq ciddi məqamlar var. Olimpiya Oyunları 4 illiyin zirvə yarışıdır. Atletlər bu turnirə vasiqə qazanana qədər minbir əziyyətdən keçir. Sevindirici haldır ki, bir neçə növdə idmançılarımız asanlıqla lisenziya qazanıb, ölkəmizi təmsil edirlər. Lakin bu bizim üçün artıq uğur sayılmamalıdır. Azərbaycan uzun illər idman ölkəsi kimi tanınıb. Artıq medallar qazanıb, Himnimizi səsnəndirmək lazımdır. Və ya sona qədər mübarizə aparmaq idmançının üzərinə düşən əsas məsuliyyətdir. Məsələn, Gültac Məmmədəliyevada ciddi fiziki çətışmazlıq hiss olunurdu. Axı, sən olimpiadaçısan, bu məsələlər müzakirə mövzusu olmamalıdır. Məgər, bu günə qədər keçirilən hazırıq bir mərhələ keçməyə yetmir? Axı siz Parisə gəzməyə yox, medal ardıyca getmisiniz. Başadüşüləndir ki, ən çox qələbə qazanmağı onlar istəyirlər, amma hər iş bununla tamamlanmır. Güc, texnika yoxdursa, hansı uğurlu nəticəni hədəfləmək olar?
Xülasə, yarış davam edir. Hidayət Heydərov başqa olmaqla digər idmançılarımıza da ümidlərimiz böyükdür. Ümid edirik ki, ilk günlərdə qızıl medala sevinəcəyik. 4 idmançının uğursuzluğuna görə Cüdo Federasiyasının işinə qiymət vermək olmaz...