Güləşçimiz Hacı Əliyev (65 kq.) bu gün Tokio-2020-də final görüşü çərçivəsində yaponiyalı rəqibi Akuto Otoquroya uduzaraq (4:5) gümüş medal qazanması barədə danışıb.
Offsideplus.az xəbər verir ki, pəhləvanımız rəqibin fiziki cəhətdən zəif olduğunu dilə gətirib: "Rəqib fiziki cəhətdən zəif idi. Mən isə final görüşü üçün yaxşı fikirləşmişdim, hər şeyi düzgün qurmuşdum. Bunu döşəkdə də hiss edirdim. Amma rəqib sonuncu saniyələrdə ayağıma girdi. Görüş ərzində 5-6 dəfə ayağıma girmək istədi. Amma yaxşı müdafiə olundum və ayağımı vermədim. Sonda isə ayağımı verdim. Ancaq rəqib heç nədən görüşü saxlayırdı. Güya ki, zədə almışdı. Tez-tez görüşü saxlayır və güləşə zidd hərəkətlər edirdi. Kəllə vururdu və cırmaq atırdı. Qızıl medal üçün hər şeyi etmişdim, çox əziyyət çəkmişdim. Demək qismətimizdə bu var imiş".
Əliyev hakimin qərarları barədə də danışıb: "Məncə, hakim haqsız deyildi. Mən istəmərəm ki, ədalətsiz danışım. Rəqib axıra yaxın qaçırdı və bir xal fərqi ilə məğlub oldum. Əlimdən gələni etdim".
Hacı bu olimpiadanın onun üçün sonuncu ola biləcəyini də fikirlərinə əlavə edib: "Olimpiya çempionu olmaq üçün əlimdən gələn hər şey etmişdim. Çox əziyyət çəkmişdim. Qismət belə imiş. Ancaq şükür Allaha ki, medalsız qalmadım. Bu, bəlkə də mənim sonuncu Olimpiadam idi”.