“Artıq neçə oyundur ki, qələbə qazanıb azarkeşlərimizi sevindirə bilmirdik”.

Bunu Offsideplus.az saytına açıqlamasında "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev deyib.

33 yaşlı müdafiəçi ilin son oyununda “Kəpəz” üzərində qazandıqları 2:0 hesablı qələbəni şərh edib: “İlk dövrənin son oyunu həm də derbi idi. Çempionatda hansı pillədə olmağımızdan asılı olmayaraq “Kəpəz”lə oyunlarımız həmişə gərgin keçir. Buna görə də meydana başqa motivasiya ilə çıxmışdıq. Təxminən, 11-12 zədəlimiz vardı.  Buna baxmayaraq uşaqlar çox istəkli idilər, meydanda ürəklərini qoydular. Şükürlər olsun ki, qalib gəldik. Bu qələbə turnir cədvəlində yuxarı pillələrdən qopmamağa imkan verdi. Çalışacağıq ki, istirahətdən sonra daha yaxşı çıxış edib ilk dövrədə itirdiyimiz xalların əvəzini çıxaq. Qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq üçün əlimizdən gələni edəcəyik”.


Qeyd edək ki, Tovuz təmsilçisi 16 turdan sonra 27 xalla turnir cədvəlində dörcüncü yerdə qərarlaşıb.